Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi Mustafa Dənizli istefa verməyi qərara alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis "Qaziantepspor"a səfərdə 0:2 hesabı ilə uduzduqları Super Liqanın XXIII tur matçından sonra "Lig TV"yə açıqlamasında bildirib.
O, 28 illik baş məşqçi karyerasının yara aldığını və heç vaxt bu qədər əziyyət çəkmədiyini söyləyib: "Bu komandanın lideri mənəm. Yaşananlarda ən böyük məsuliyyət mənə aiddir. Ortaya istəmədiyimiz nəticə çıxdı. Bəli, karyeram yara aldı, amma başqa bir çox şey də yara aldı".
Dənizli istefa qərarını hörmətsizlik kimi qəbul olunmaması üçün öncə klub prezidenti Dursun Özbəklə müzakirə edəcəyini bildirib: "Mənim sözlərimdən kim nə məna çıxarırsa, özü bilər. Klub prezidenti ilə oturub geniş toplantı keçirəcəyik. Onlarla bu vəzifəyə başlarkən, çox fərqli planlarımız vardı. Amma həyata keçirə bilmədik. Karyeramda yaşadığım böyük gözəlliklərin ardından pis şeyləri də yaşamaq mənə nəsib olsun. Önəmli deyil. Mən öz içimdə bütün qərarları verdim. Rəhbərliklə də danışacağam".
Qeyd edək ki, 23 turdan sonra "Qalatasaray" 37 xalla 5-ci pillədə qərarlaşıb və lider "Beşiktaş"dan 14 xal geri qalır.