"Mətin Gülərlə birgə çıxış etdiyim "Beşiktaş”da matçımız vardı. Türkiyədən bir az gec gəldiyimizdən, yorğun idik. Ona görə Ukrayna ilə ilk matçda pis oynadıq. Ancaq martın 3-də keçiriləcək ikinci oyunda bunun əvəzini çıxacağıq”. Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-17) futbolçusu Hüseyin Seyliqli deyib.
Seyliqli ardıcıl yoxlama matçlarını – Rusiya və Ukrayna kimi güclü rəqiblərlə qüvvələrini sınamalarını Avropa çempionatının final mərhələsinə hazırlıqda çox faydalı sayır: "Təbii ki, qısa müddətdə ardıcıl oyunlar keçirməli olanda fiziki planda yüklənirsən. Üstəlik, gedib klublarımızda matça çıxıb təkrar bura qayıdırıq. Əlbəttə bu, yorğunluq yaradır. Ancaq inşallah, bunları dəf edəcəyik. Final mərhələsində bizi çətin sınaq gözlədiyindən yaxşı hazırlaşmalıyıq”.
Türkiyəli müdafiəçi artıq xeyli vaxtdır yığmamızda çıxış edir. Seyliqli baş məşqçi Təbriz Həsənov hələ U-16-nı çalışdıranda onun rəhbərliyi altında oynayıb: "Artıq 3 ildir Azərbaycan yığmasında çıxış edirəm. Özümü yaxşı hiss edirəm. Komandada atmosfer gözəldir. Əslində yaxşı oynayırıq. Sadəcə, bir az şanssızlıq olur. Bu olmasa, çox yaxşı komandamız var. Azərbaycanlı futbolçularla həm meydanda, həm də ondan kənarda yaxşı anlaşırıq. Onsuz da dillərimiz çox yaxındır. Yerli oyunçular tükcə bilirlər. Biz də artıq azərbaycanca yaxşı danışa bilirik. Oyunlarımız da yaxındır. Azərbaycanlı futbolçular bizim kimi topla yaxşı davranır, texnikalı oyuna üstünlük verirlər. Bir sözlə, futbolda oyun üslublarımız da eynidir”.
Yeniyetmə oyunçu mayda Bakıda keçiriləcək final mərhələsində layiqli çıxış edəcəyimizə əmindir. O, hətta finala çıxa, çempion da olmalarının mümkünlüyünü bildirib. Yığmamıza nə qədər böyük sevgimiz olsa da, məsələyə real baxmaq lazımdır. Görəsən, millinin aparıcı üzvünün belə iddialı danışması nə ilə bağlıdır? "Futbolda əsas istəkdir. Bu amil komandanın çıxışına böyük təsir göstərir. Biz istədikdən sonra istədiyimiz yerləri tutmağa qadirik. Avropa çempionatımnda finalında da oynaya, çempion da ola bilərik”.
Məlum olduğu kimi, Türkiyədə çıxış edən bəzi yığma üzvləri klublarında önəmli matçlar olduqlarından, yoldaşlıq görüşlərinə gələ bilməyiblər. Seyliqlinin firkincə, həmyerlilərinin final mərhələsində olması oyunlarını daha da yaxşılaşdıracaq: "Sözsüz ki, onların yoxluğu bizə bir az təsir göstərir. Çoxdandır bir yerdə oynayırıq. Təbii ki, onlar komandamızın gücünə güc qatacaq”.
Gələcəkdə "Beşiktaş”ın əsas komandasına və əsas yığmamıza düşməyi qarşısına məqsəd qoyan Seyliqli vətənində mənəvi dəstək alır: "Azərbaycan yığmasında çıxış etdiyimizi Türkiyədə pis qarşılamırlar. Buna normal baxırlar. Biz özümüzü ayırmırıq ki, bunlar azərbaycanlılar, bunlar türkiyəlilərdir. Onsuz da hamımız türkük. Həmyerlilərim Azərbaycan yığması, buradakı çıxışımızla maraqlanırlar. Hətta bizim kimi burada oynamaq istəyənlər də var. Azərbaycan yığmasının şərəfini layiqincə qorumaq istəyirik”.
Mehman SÜLEYMANOV