1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" qalib gəldi, əsas rəqibləri uduzdu - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, turun 5 oyunundan 3-də gözlənilməz nəticələr qeydə alınıb.
Açılış oyununda AZAL "Qəbələ"ni, "Kəpəz" isə "Zirə"ni qəbul edib. Şüvəlanda keçirilmiş qarşılaşmada oyunun favoriti sayılan "Qəbələ" görüşdən xalsız ayrılıb. Matç "təyyarəçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyundan sonra AZAL 36 xalla turnir cədvəlində 6-cı, "Qəbələ" isə 41 xalla 5-ci pillədə qalıb.
Daha bir gözlənilməz nəticə isə Gəncədə qeydə alınıb. Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Zirə" səfərdə məğlubiyyətlə üzləşib. Şahin Diniyevin komandası aktivinə 3 xalı 2 topla yazıb - 2:0. Nəticədə "Kəpəz" 45 xalla 3-cü pilləyə yüksəlib. "Zirə" isə xal itkisinə baxmayaraq, 50 xalla yenə də ikincidir.
Növbəti görüşdə "Sumqayıt" doğma meydanda ən yaxın izləyicisi "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri 70-ci dəqiqədən sonra azlıqda qalmalarına baxmayaraq, 2:1 hesablı qələbə qazanıb. Mikayıl Rəhimov qırmızı vərəqə alaraq meydandan qovulub. Aktivinə 3 xal yazan "Sumqayıt" 28 xalla 8-ci, "Xəzər Lənkəran" isə 14 xalla 9-cudur.
Daha bir görüşdə turnir cədvəlinin lideri "Qarabağ" autsayder "Rəvan"ı qəbul edib. Görüş gözlənildiyi kimi "Qarabağ"ın üstünlüyü ilə keçib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 5:1 hesablı qələbə qazanıb. "Qarabağ" darmadağından sonra liderlik kürsüsündə möhkəmlənib - 60 xal. "Rəvan"ın aktivində isə 8 xal var.
Turun mərkəzi görüşündə paytaxtın iki komandası - "İnter" və "Neftçi" üz-üzə gəlib. Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissədə qonaqlar hesabı açmaq üçün yaxşı fürsət əldə edib. Ruslan Qurbanov təyin olunmuş penaltini dəqiq yerinə yetirib və komandasına qələbə qazandırıb -1:0.
Beləliklə, 3-cü dövrənin son turunun oyunlarına əsasən, "Qarabağ" ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 10-a çatdırıb.
Azərbaycan Premyer Liqası, XXVII tur
30 mart
15:00. "Kəpəz" – "Zirə" - 2:0
Qol: Tural Axundov, 64 (P). tural rzayev, 79
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Gəncə. Gəncə şəhər stadionu (CBC Sport)
15:00. AZAL – "Qəbələ" - 2:1
Qol: Tural Hümbətov, 53. Murad Sətrarlı, 73 - Aleksey Qay, 36-penalti ilə
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. AZAL Arena
17:00. "Sumqayıt" – "Xəzər Lənkəran" - 2:1
Qollar: Nodar Məmmədov, 50-öz qapısına. Murad Ağayev, 90 - Zaman Mirzəzadə, 49-penalti ilə
Qırmızı vərəqə: Mikayıl Rəhimov, 70 ("Sumqayıt")
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. "Kapital Bank Arena"
17:30. "Qarabağ" – "Rəvan" - 5:1
Qol: Migel Madera, 16. Muarem Muarem, 53. Riçard Almeyda, 55. Reynaldo, 64. Dani, 90+1 - Yasin Həmid, 68
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Azərsun Arena"
18:00. "İnter" – "Neftçi" - 0:1
Qol: Ruslan Qurbanov, 51 (P)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "İnter Arena" (CBC Sport)
_________________________________________________________________________________________________________________________________________
Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, 10 günlük fasilədən sonra turun bütün oyunları eyni gündə baş tutacaq.
Tura Gəncə və Şüvəlanda start veriləcək. "Kəpəz" turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə"ni qəbul edəcək. Qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Gəncə klubu 3 xal sayəsində ən pis halda 4-cü pillədəki mövqeyini gücləndirəcək və ya 3-cü pilləyə yüksələcək. Səfər qələbəsi sayəsində ikinciliyi möhkəmləndirəcək və lider "Qarabağ"la xal fərqinin artmasına icazə verməyəcək "Zirə" isə xal itirəcəyi halda da mövqeyində qalacaq. Komandalar 2 dəfə üz-üzə gəlib və hər iki oyunda bərabərlik qeydə alınıb - 1:1, 2:2.
"Qəbələ" avrokubok iddialarını davam etdirmək üçün səfərdə AZAL-dan 3 xal qazanmalıdır. Bu qələbə digər oyunların nəticəsindən asılı olaraq "qırmızı-qaralar"ı 3-cü pilləyə yüksəldə bilər. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı 5-ci pillədə saxlayacaq. "Təyyarəçilər" ən yaxşı halda xal ehtiyatını 36-ya çatdıraraq ən yaxın qonşusu "Qəbələ" ilə xal fərqini 5-ə endirəcək. Komandalar bugünədək 24 dəfə üz-üzə gəlib. Bunlardan 9-da AZAL, 7-də isə "Qəbələ" qalib gəlib. Qalan 8 görüşdə isə bərabərlik qeydə alınıb. AZAL son 3 oyunda qələbə qazanmayıb və qol vurmayıbsa, "Qəbələ" son 5 səfər matçında uduzmayıb. Əvəzində "təyyarəçilər"in bu mövsüm ev oyunlarında uduzmama tendensiyası var.
Bu görüşlərin ardınca "Sumqayıt" doğma meydanda "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Meydan sahibləri qalib gəldiyi halda ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini 4-ə endirəcək ki, bu da bir neçə turdan sonra komandanın daha yüksək pillələrə irəliləməsinə şərait yaradacaq. Gənc heyətlə mübarizə aparan "Xəzər Lənkəran" isə nəticədən asılı olmayaraq hazırkı - 9-cu mövqeyində də qalacaq. Sadəcə, qazanılan xal komandaya əlavə motivasiya və sonuncu pillədəki "Rəvan"dan bir az daha uzaqlaşmağa kifayət edəcək. Komandalar 16 dəfə üz-üzə gəlib. "Sumqayıt" 4, "Xəzər Lənkəran" isə 7 dəfə qalib gəlib. 5 oyunda isə tərəflər bir xalla kifayətlənməli olub. "Sumqayıt" son 3 oyunda uduzmayıb və ardıcıl 7 matçda meydanı qolsuz tərk etməyib. Cütlüyün son 5 qarşılaşmada ən azı 2 qol vurulub.
Turnir cədvəlinin lideri "Qarabağ" isə siyahının ən sonunda olan "Rəvan"ı qəbul edəcək. Bu görüşdə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda favorit hesab olunur. "Qarabağ" 3 xal sayəsində birincilik mövqeyini daha da möhkəmləndirəcək. "Rəvan" isə ən yaxşı halda Sumqayıtdakı görüşün nəticəsindən asılı olaraq "Xəzər Lənkəran"la xal fərqini 3-ə endirə bilər. Komandalar bugünədək 10 oyunda üz-üzə gəliblər. Bu qarşılaşmaların 6-da "Qarabağ" qalib gəlib. 4 oyunda bərabərlik qeydə alınmayıb və "Rəvan"ın aktivində qələbə yoxdur.
Turun mərkəzi görüşü isə "İnter Arena"da baş tutacaq. Burada "İnter" digər paytaxt təmsilçisi "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Derbi hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. "Bankirlər" qələbə sayəsində üçüncülüyü möhkəmləndirəcəklərsə, "Neftçi" çətin oyunda 3 xal qazanaraq hələ də avrokubok ümidlərinin ölmədiyini göstərməyə çalışacaq. Cütlük bugünədək 45 oyunda üz-üzə gəlib. Bu görüşlərin 12-də "İnter", 19-da isə "Neftçi" qalib gəlib. Qalan 14 oyun bərabərliklə bitib.