Sabah Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, ötən turda olduğu kimi, bütün matçlar eyni gündə olacaq.
Turun maraqlı matçları kimi "Qarabağ” – "Qəbələ” və "Kəpəz” – "Neftçi” matçlarını fərqləndirmək olar. Əslində, ilk oyun daha böyük maraq kəsb edə bilərdi. Sadəcə, "Qarabağ”ın hələ 32-ci turda çempion olması intriqanı azaldıb. "Qəbələ”yə isə bürünc medal uğrunda mübarizədə qələbə çox vacibdir. Qurban Qurbanovun yetirmələri rəqibinə güzəştə getməyəcəyi şübhə doğurmur. Hər halda, ardıcıl 10 oyundur qələbələri sıralayan Ağdam təmsilçisi çempion olandan sonra da meydanı 3 xalla tərk edib. Roman Qriqorçukun yetirmələri ardıcıl 2-ci səfərə oyununa çıxacaq və bu dəfə də paytaxda onu liderlə sınaq gözləyir. "Qəbələ” 2-ci pillədə olan "Zirə”ni ötən tur səfərdə böyük hesabla (3:0) məğlub etməyi bacarıb.
"Əlincə Arena” ardıcıl 2-ci tur Premyer Liqa matçını qəbul edəcək. Debüt "Neftçi” – AZAL oyunu ilə olub. Digər tərəfdən, "Qarabağ”ın "Qəbələ”yədək "İnter”lə kubok matçını da bu stadionda keçirdiyini nəzərə almaq lazımdır.
"Qəbələ”nin bürünc medal uğrunda əsas rəqibi "Kəpəz” isə "Neftçi” ilə tarixi derbiyə çıxacaq. Bu komandalar arasında oyunlar xüsusilə 90-cı illərdə böyük maraq kəsb edirdi. "Kəpəz”in zəifləməsi derbiyə marağı da azaltdı. Ancaq indiki Gəncə təmsilçisi Avropa Liqasına vəsiqə qazanıb, bürünc medalçı da olmağa böyük şansı var. "Neftçi” də avrokuboklar uğrunda mübarizə aparır və bu vəsiqəni qazanmaq üçün 2 turnirdə şansa malikdir. Məlum olduğu kimi, Vəli Qasımovun yetirmələri ölkə kubokunun finalına çıxıb və "Qarabağ”a qalib gələrsə, Avropa Liqasına vəsiqə qazanacaq. Kuboku "Qarabağ”ı qazanacağı halda isə çempionatda 6-cı yerin sahibi Avropa Liqasına yüksələcək. Həmin pillədə olan AZAL-ı ötən tur məğlub edən "Neftçi” xal fərqini 2-yə endirməklə intriqanı artırıb. Bu mənada "Kəpəz” – "Neftçi” matçında qələbə hər iki tərəfə hava-su kimi lazımdır.
Bürünc medala iddiaçılardan "İnter”in işi asandır. Çünki komanda öz meydanında autsaytder "Xəzər Lənkəran”la görüşəcək. Digər tərəfdən, Lənkəran klubunun özünə də qələbə vacibdir. Çünki "ağ-yaşıllar”ın birinci diviziona düşmək təhlükəsi var. Elbrus Məmmədovu əvəzləyən köməkçisi Ağadadaş Həmidov bu komandada baş məşqçi kimi debüt edəcək. Həmidov Azərbaycan milli çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi "Xəzər”in çalışdırıcısı olub.
Premyer Liqada "Xəzər Lənkəran”la qalmaq uğrunda mübarizə aparan "Rəvan” da səfər matçına çıxacaq. Ancaq rəqib heç bir iddiası olmayan, çempionatı istənilən halda 8-ci yerdə bitirəcək "Sumqayıt"dır.
"Neftçi” ilə Avropa Liqasına düşmək uğrunda mübarizə aparan AZAL "Zirə”ni qonaq edəcək. Rəqib güclü olsa da, UEFA onu avrokuboklara buraxmadıqdan sonra motivasiyası azalıb. Təsadüfi deyil ki, Adiı Şükürovun yetirmələri ardıcıl 3 turda qalib gəlmir ki, bunun son 2-də evdə uduzublar. Üstəlik, "Zirə” qalib gəlmədiyi matçlarda qol da vura bilməyib.
11 may
16:00. AZAL – "Zirə”
Bakı. "AZAL Arena” stadionu
16:00. "Kəpəz” – "Neftçi”
Gəncə. Şəhər stadionu
17:00. "İnter” – "Xəzər Lənkəran”
Bakı. "İnter Arena” stadionu
19:00. "Qarabağ” – "Qəbələ”
Bakı. "Əlincə Arena” stadionu
19:00. "Sumqayıt” – "Rəvan”
Sumqayıt. "Kapital Bank Arena” stadionu