
Azərbaycan Premyer Liqasında avrokuboklara vəsiqə qazanan 3-cü komanda müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Qarabağ" və "Kəpəz"in ardınca "Qəbələ" də qitəmiqyaslı turnirə yüksəlib.
Roman Qriqorçukun komandası son turda "Qarabağ"a uduzsa (0:2) da, bu, Avropa Liqasına çıxmasına mane olmayıb. Çünki 5-ci pillədə olan "Qəbələ”nin ən yaxın izləyicisi AZAL da son turda xal itirib. Tərlan Əhmədovun yetirmələri evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə oynayıb. Nəticədə "təyyarəçilər” "Qəbələ"dən artıq 7 xal geri qalır ki, bunu da son 2 tura aradan qaldırmaq qeyri-mümkündür.
Avrokuboklara sonuncu təmsilçimiz ya AZAL, ya da "Neftçi” olacaq. Ölkə kubokunda finala çıxan "Neftçi” mayın 25-də "Qarabağ”la həmin matçda qalib gələrsə, 4-cü təmsilçimiz olacaq. "Qarabağ”ın kuboku qazanması isə çempionatda 6-cı pillənin sahibini Avropa Liqasına çıxaracaq.
Xatırladaq ki, hazırda 2-ci və 3-cü pillədə olan "Zirə” ilə "İnter” UEFA tərəfindən müxtəlif səbəblərdən avrokuboklara buraxılmırlar.