"Son vaxtlar oynamayan Sergey Zenyovun zədə ilə bağlı problemi qalmayıb. O, artıq komanda ilə birgə hazırlaşır. Sadəcə, nə vaxt yaşıl meydana çıxacağına artıq baş məşqçi qərar verəcək." Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin həkimi Roman Jolobaylyuk deyib.
Komandadakı zədəli futbolçuların son vəziyyəti ilə bağlı məlumat verən ukraynalı həkim Estoniya yığmasının da üzvü olan hücumçunun oynamağa hazır olduğunu bildirib: "O, arxa əzələsini dartmışdı ki, bunun müalicəsinə müəyyən müddət lazım idi. Zenyov artıq 1 həftədir qrup çalışmalarında iştirak edir. Yəni tam sağlamdır, bu mövsümdə oynayıb-oynamayacağına isə deyə bilmərəm".
Jolobaylyuk digər zədəli - kapitan Dodonun yaşıl meydana qayıdış tarixini söyləməkdə çətinlik çəkib: "O, əzələsindən xəsarət almışdı, zədəsi ciddidir. Bu üzdən uzun müddətli müalicəyə ehtiyacı vardı ki, bura bərpa prosesi, fiziki hərəkətlər də daxildir. Vəziyyəti getdikcə normallaşır".
"Qəbələ"nin digər braziliyalı legioneri Rafael Santos da zədəlilər sırasına qoşulub. Jolobaylyuk "Zirə" ilə matçda fərqlənən müdafiəçinin durumuna aydınlıq gətirib: "O da əzələsindən ciddi xəsarət alıb. Rafael "Zirə" ilə oyunda hava mübarizəsində yerə uğursuz düşdü və nəticədə onu məcburi əvəzləməli olduq. Belə zədə alan futbolçunu tez ayağa qaldırmaq çətindir. Santosun müalicəsinin dinamikası müsbətdir. Qarşıdakı matçımızı buraxacaq. Ümid edirik ki, son turda oynaya biləcək. Bunun üçün əlimizdən gələn hər şeyi edirik".
Xatırladaq ki, "Qəbələ" növbəti turda AZAL-ı qəbul edəcək, son matçını isə səfərdə "Kəpəz"lə keçirəcək.