Müvafiq yaş qrupu üzrə Azərbaycan çempionatının qalibi olan "Qəbələ"nin U-15 komandasının baş məşqçisi Xaqani Məmmədovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ"də çempion olduğunuz bu mövsümü əvvəlkilərdən necə fərqləndirərdiniz?
- Bu, 2013-cü ildən çalışdığım "Qəbələ"də 2-ci çempionluğumdur. Düzdür, ilk nailiyyətimdə komandanı mövsümün ikinci yarısında götürmüşdüm. "Qəbələ" klubuna hücumçularla işləyən məşqçi kimi gəlmişdim. Sonra U-17-də köməkçi məşqçi, ardından baş məşqçi oldum və mövsümü çempion kimi bitirdim. Bundan sonra U-14 komandasında 2 mövsüm işlədim. İlk mövsümdə bürünc medalçı oldum. Sonrakında çempionatın gümüş medalçısı və U-14 Kubokunun qalibi oldum. Bu dəfə isə tam mövsümü işlədiyim ilk çempionluq idi.
- Mövsümün əvvəlində qarşınıza çempion olmaq məqsədi qoymuşdunuz?
- "Qəbələ" Futbol Akademiyasında qarşıya qoyulan məqsəd yüksək liqada, milli komandada oynaya bilən yaxşı futbolçu yetişdirməkdir. Əsas işimiz budur və komandada ilk növbədə, buna nail olmaq üçün əlimizdən gələni etdik. Akademiyamız istedadlı uşaqlardan ibarətdir. Hər bir rayondan istedadlı futbolçu "Qəbələ"dədir. Bu yaş qrupundakı futbolçular artıq 2 ildir məndədir və cari mövsümdə özlərini hərtəfəli göstərdilər. Yetirmələrim yaşıdlarından iki-üç baş güclü olaraq, yaxşı futbol göstərərək çempion oldular. Sübut etdilər ki, "Qəbələ"nin U-15-i öz liqasında hərtərəfli güclüdür. Heyətimizdə olan çox istedadlı futbolçular gələcəkdə "Qəbələ"nin əsas komandasında, Azərbaycan millisində oynayan olacaqlar.
- Komandanız mövsümü məğlubiyətsiz başa vurdu, cəmi 1 heç-heçə etdi. Bu yüksək göstəricini ilk növbədə, nə ilə əlaqələndirərdiniz?
- Həmişə seçimlər edən akademiyamız ən yaxşı, istedadlı futbolçuları cəlb etməyə çalışaraq məqsədinə nail olur. Bu gün "Qəbələ" Futbol Akademiyası Azərbaycanda "1 nömrə"dir. Ona görə aşağı yaş qrupundan yuxarıyadək bütün komandalarımız yaxşı sistemlə öz işini davam etdirir. Bunlar da nəticə baxımından özünü yüksək səviyyədə göstərir.
- Heç-heçə etdiyiniz həmin oyunda qələbəyə nə mane oldu?
- Xəzər Lənkəran"la qolsuz heç-heçə etdiyimiz səfər matçında qələbəyə heç nə mane olmadı. Açığı, rəqibdən beş dəfə güclü oynadıq. Sadəcə, bu futboldur, sürprizlər çox olur. Komandamız qələbə üçün əlindən gələni etdi. "Xəzər Lənkəran" bizim qapımıza tərəf az gəlirdi. Çoxlu qol şanslarımız oldu. Bundan istifadə edə bilmədiyimizdən, qalib gələ bilmədik. Ancaq gözəl, qələbəyə layiq oyun göstərdik.
- Futbolçu kimi böyük uğurlar qazandığınız "Xəzər Lənkəran"ın sizi yüzfaizlik tarixi nəticədən məhrum etdiyinə görə üzülmədiniz?
- Yox, ruh düşkünlüyü olmadı. Həmin oyunda da qələbə qazansaydıq, lap yaxşı, super olardı. Ancaq istənilən halda üzülmürəm. "Qəbələ"də yaxşı futbolçular yetişir və əsas buna görə sevinirəm.
- Komandanız çempionatda 155 qol vurmaqla əla göstəriciyə imza atdı. Bu yüksək göstərici sizin keçmiş hücumçu kimi hücum xəttinə xüsusi diqqət yetirməyinizlə bağlıdır, yoxsa...?
- Özüm hücumçu olduğumdan, hücumçularla ayrılıqda işləyirdim və onlara hər şeyi xırdalığına kimi başa salırdım. Biz ötən il də, bu il də hücum üzərində çox çalışdıq. Futbolçularımızın beyninə aşılayırdım ki, əsas hücum olsun, müdafiə olunmaq yox. Hücum xətti ilə çox işləməyimin nəticəsidir ki, komanda 34 oyuna 155 qol vurdu. Hələ bundan da çox qol ola bilərdi, 200-dək çata bilərdik. Bəzi dəyişiklər oldu ki, komanda çox qol vurmasın, əsas futbolçular yetişsin. Çünki hamı oynasın, güc hamıya düşsün.
- Xaqani Məmmədovun komandasında keçmişini xatıladan, böyük ümidlər bəslədiyi hücumçu və ya hücumçular varmı?
- Var. Tək bizim komandada yox, "Qəbələ"nin bütün yaş qrupundakı komandalarda yaxşı hücumçular var. Mən onların məşqlərini, oyunlarını izləyirəm. Bizim komandada gələcəyin hücumçusu, bombardiri kimi gördüyüm futbolçular var. Onlar gələcəkdə öz sözlərini deyəcəklər.
- Ad çəkmək istərdiniz?
- Yox. Onlar 4-5 futbolçudur. Mən əsas hücum xəttimi qeyd edirəm. Orada yer alanlar "Qəbələ"də, Azərbaycanda öz sözünü deyən futbolçular olmalıdırlar.
- U-15-lər arasında keçirilən "Gabala Cup"un bu dəfə də olmaması planlarınıza necə təsir göstərdi?
- Belə yarışlar bizim futbolçular üçün böyük təcrübədir. "Gabala Cup" olsaydı, bu il ən azı 2 beynəlxalq turnirdə iştirak edəcəkdik. Bu da futbolçularımızın gələcəyi, təcrübəsini artması üçün böyük bir töhfədir. "Gabala Cup"ın yoxluğunda yalnız qışda Antalyadakı turnirində iştirak etdik. Futbolçular Avropa təcrübəsini aşağı yaş qrupundan görməli, hiss etməlidirlər.
- Gələcək planlarınız necədir?
- Oyular qurtarsa da, məşqlərimzi davam etdiririk. Orta məktəblərdə dərslər iyunun ortasında bitdiyinə görə məşqlərimiz də həmin vaxtadək olacaq. Bundan sonra akademiyamızın rəhbərliyi hansı komandanı məsləhət görsə, dəvət edəcək, biz də orada işləyəcəyik.
- Bir məşqçi olaraq qarşınıza hansı məqsədi qoymusunuz?
- İldən-ilə təcrübən artır və arxaya baxırsan ki, hansı səhvləri buraxdım. Düşünürsən ki, məşqçi kimi bunu belə etsəydin, daha yaxşı olardı. Belə götür-qoylar olur və buraxdığım səhvləri ildən-ilə azaltmağa çalışıram. Gələcəkdə də üzərimdə çox işləyib yaxşı məşqçilərdən biri olmaq istəyirəm.
Sonda fürsətdən istifadə edərək saytınızın ad gününü, 2 yaşının tamam olması münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Sportnet.az-ın uzun ömürlıü olmasını diləyirəm.