17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ilk finalçısı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, finala gedən yolda Portuqaliya və Hollandiya yığmaları qarşılaşıb.
Stadiona toplaşan azarkeşlər matçın 25-ci dəqiqəsində ilk qolun şahidi olublar. Portuqaliyanın heyətində Joze Qomeş adını tabloya yazdırıb. Komandalar ilk hissənin qalan dəqiqələrində fərqlənməyə çalışsalar da qapılara qol vurulmayıb. İkinci hissədə nominal meydan sahibləri ikinci dəfə fərqləniblər. 56-cı dəqiqədə Dioqo Dalot hesab arasındakı fərqi artırıb. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb və Portuqaliya 2:0 hesablı qələbə sayəsində adını finala yazdırıb.
Digər finalçı saat 20:00-da "Dalğa Arena"da keçiriləcək Almaniya - İspaniya oyunundan sonra məlum olacaq.