Mayın 27-si Azərbaycan futbolu ilə bağlı qara xəbər aldığımız gün kimi tarixə düşdü. Məlum oldu ki, "Xəzər Lənkəran”ı da itirdik. "Ağ-yaşıllar” da tarixə qovuşan klublarımız sırasına qoşuldu, "futbol qəbiristanlığı”nda özünə yer tapmalı oldu.
Bunların sayı isə hər il artır ki, "mərhum komandalarımız"ın əksəri bölgə təmsilçiləridir. Özü də aralarında Azərbaycan çempionluğununu qazananlar yetərincədir ki, bunlardan biri məhz "Xəzər Lənkəran" idi. Ona yeganə çempionluğunu isə 2007-ci ildə "qızıl dubl"la qazanmaq nəsib olmuşdu.
Düzdür, "Xəzər Lənkəran” klub olaraq dağılmadığını, sadəcə, əsas komandasının fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb. Ancaq hər bir klubda əsas maraq adından göründüyü kimi, əsas komandadır. Üstəlik, "Xəzər Lənkəran” uzun illər tüğyan edirdi. "Ağ-yaşıllar” Azərbaycan milli çempoinatında özünəməxsus yer tutdu, ona əlavə rəng qatdı. "Neftçi” ilə ilk vaxtdan prinsipial xarakter daşıyan derbilər isə "Böyük oyun” adlanmağa başladı. Hamı bu görüşləri mövsümün əsas oyunları sayaraq səbirsizliklə gözləyirdi. "Xəzər Lənkəran”ın doğma stadionu olan "Fırtınalar meydanı” isə adına uyğun gəlirdi. Bu arena uzun illər ən çox azarkeş toplayan kimi rekordçu oldu. Təsadüfi deyil ki, Azərbaycanda azarkeşlərdən söz düşəndə, ilk olaraq ağlagələn məhz "Xəzər Lənkəran”ın azarkeşləri idi.
Ancaq əfsuslar olsun ki, bunlar haqda artıq keçmişdə danışmalı oluruq. Əslində, hadisələrin gedişatı sonluğun belə olacağına proqnoz verirdi. "Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov komandadan əlini çəkəndən sonra işlər pisliyə doğru getməyə başladı. Bir vaxtlar Azərbaycanın ən varlı klubu olan "Xəzər Lənkəran” ən kasıba çevrildi, maliyyə burulğanında, borc içində boğuldu. Tez-tez legionerləri yola salan "ağ-yaşıllar” sonda elə onların güdazına getdi, FİFA-dan maliyyə sanksiyaları, xalların silinməsi cəzasını aldı.
Ötən mövsüm isə Lənkəran klubunun tarixində ən zəif, anrirekordlarla bol mövsüm oldu. Sonda "ağ-yaşıllar” turnir cədvəlində axırıncı yeri tutaraq birinci diviziona düşdü. Həm bu amil, həm də AFFA-dan Premyer Liqada oynamaqla lisenziya ala bilməməyi "Xəzər Lənkəran”ın yaşamasını böyük sual altında qoyurdu. Komandanın birinci divizionda çıxış edəcəyi heç inandırıcı görünmürdü. "Ağ-yaşıllar” ya yüksək liqada oynayacaqdı, ya da ümumiyyətlə, çıxışını dayandıracaqdı. Təəssüf ki, arzulanmayan ikinci variant reallaşdı.
"Xəzər Lənkəran” sponsoru "Palmalı Şirkətlər Qrupu” olduğundan gəmiyə bağlı idi. İndi isə özü batan gəmi oldu. Onu isə heç kapitanı da xilas edə bilmədi...