"Bu gün "Neftçi”nin Müşahidə Şurasının iclası olub. Ancaq mən həmin toplantıda iştirak etməmişəm. Ona görə sizə bir söz deyə bilmərəm. Bunu sabah rəhbərliklə görüşəndən sonra deyə bilərəm”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.
Onun sözlərinə görə, mart ayından yer aldığı bu postda fəaliyyətini davam etdirəcəyi hələ məlum deyil: "Sabahdan biz hər şeyi fikirləşəcəyik. Hələlik heç nəyi dəqiqləşdirməmişəm. Hələ bilmirəm ki, postumdan gedəcəyəm, yoxsa qalacağam. İndi bu haqda konkret heç nə deyə bilmirəm. Sabah araşdırıb hər şeyi söyləyə bilərəm”.
Qasımov hələ ki Müşahidə Şurasının üzvlərinin heç kimlə söhbətləşdimədiyini və bunun reallaşdırmasının vacibliyini bildirib: "Bundan sonra hər şeyə qərar verəcəyəm. Baş məşqçi postunda qalmağım nənim istəyimlə deyil ki... Qərarı Müşahidə Şurası verir. Görüşün nə vaxt olacağı məndən asılı deyil. Olsaydı, elə bu gün bilərdim. Hamı "Neftçi”yə azarkeşlik edir, ürəyi bu klubladır. Hamı da istəyir ki, komanda vəziyyətdən çıxsın”.
47 yaşlı mütəxəssis "Neftçi”nin son mövsümdə Avropa Liqasına çıxmaq üçün hər şeyi etdiyini söyləyib: "Kubokun finalına da yüksəldik. Ancaq "Qarabağ” güclü olduğundan, qalib gəldi. Hardasa nəticə düzgün oldu. Kuboku qazanmaq bizdə alınmadı”.
Qasımov komandanın heyətinin müəyyənləşməsini də vacib sayır: "Qərar verilməlidir ki, heyətdə kim qalacaq, kim gedəcək, hansı yeni futbolçular gələcək. Hələ bu haqda da konkret bir şey deyə bilmərəm”.