Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-nın Lisenziyalaşdırma qrupuna müraciət etmiş klubların adlarının açıqlanmama səbəbi müəyyənləşib. Bu barədə Sportnet.az-a Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, müraciət etmiş klubların adları Lisenziyalaşdırma Komissiyasının hesabatında göstəriləcək. E.Məmmədov hesabatın bu həftə ərzində hazırlanacağını bildirib: "Prosedura uyğun olaraq, Lisenziyalaşdırma qrupu həmin klubların sayını və adlarını açıqlamır. Yalnız müraciət edən klublar arasında Premyer Liqadan da var idi, I Diviziondan da. Onların adlarını hesabat açıqlananda biləcəksiniz".
Qeyd edək ki, bu gün AFFA-nın Lisenziyalaşdırma qrupu Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət edən klubların heç biri tərəfindən sənədlərin tam təqdim olunmadığını bildirib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.













































































