"Bizim Premyer Liqada oynamaqla böyük iddiamız da yox idi. Fikirləşirdik ki, formatda dəyişiklik olarsa, çıxış edərik”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Zaqatala” klubunun prezidenti Musa Qurbanov deyib.
AFFA-nın Lisenziyalaşdırma Qrupununun bugünkü qərarını bizdən öyrənən veteran futbolçu çox məşğul olduğundan, mətbuatı izləmədiyini söyləyib.
Qurbanov çatışmayan sənədlər haqda onlara məlumat verilmədiyini bildirib: "Bizə müraciətimizlə bağlı rəsmi cavab gəlməyib. Yəqin, sənədlərimizdə çatışmazlıq olub ki, qəbul etməyiblər. Ən azı sponsor məsələsi istənilən səviyyədə olmayıb. Yəqin ki, Azərbaycanda bir çox klubda çatışmazlıqlar var. AFFA qərar çıxarıbsa, buna hörmətlə yanaşırıq. Biz nə edə bilərik ki?!”.
Klub prezidenti tapdıqları sponsor hesabına Premyer Liqada oynamağa güclərinin olmadığını etiraf edib. Buna görə də AFFA-ya müracət etməyə ehtiyac görməyiblər: "Heç məsələnin üstünə düşmədik də. Çünki Premyer Liqada oynamaq bizim haqqımız da deyil axı. "Neftçala” 1-ci yeri tutub, biz isə 6-cı. Belə olan halda, necə Premyer Liqada iddia edə bilərik ki? Sadəcə, eşitidyimizə görə, yüksək liqada komandaların, futbolun inkişafı məqsədilə bölgə təmsilçilərinin sayının artırılacaqdı. Çox söz-söhbət gəzdi ki, format dəyişdiriləcək, 12 komanda olacaq. Bölgə komandaları arasında da ən yaxşı şərait bizdədir. Bundan sonra Premyer Liqada oynamaqla bağlı AFFA-ya rəsmi müraciət etmişdik. Öz stadionumuz, öz bazamız var. Düşünürəm ki, digər regionlara müqayisədə bizdə şərait daha yaxşıdır. Bu, həm stadionun vəziyyəti, həm də azarkeşlərlə bağlıdır".