"Yeni legioner axtarışımız davam edir. Hazırda müqavilə ilə bizə məxsus olan 2 legioner var. Bunlar müdafəçilər Manuel Adrian Skarlatake ilə Denis Silva Kruzdur. Braziliyalı ilə müqaviləni uzatdıq. Rumıniyalı isə yeni transferimizdir". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in seleksiyası məşqçisi Zayr İsmayılov deyib. O, hazırda əsas diqqəti oyun qurucusu mövqeyinə yönəltdiklərini bildirib: "Çünki həmin mövqedə oynayan gürcü Nika Kvekveskiri komandamızdan getdiyindən boşluq yaranıb. Düzdür, bizə hücuma da oyunçu lazım ola bilər. Bldiyiniz kimi, ukraynalı Yuri Fomenko ilə yollarımızı ayırdıq. Sezar Meza Kollinin isə müqaviləsi bitib. Ancaq onun məsələsi hələ ki açıq qalıb. Çünki Sezara yeni anlaşma təklif etmişik və cavabını gözləyirik. Meza Kolli qalmasa, hücuma da oyunçu axtarmağımız mümkündür".
İsmayılovun sözlərinə görə, onlara çoxlu legioner təklif olunub: "Bizə hər yerdən oyunçu təklif olunur. Bunlar arasında Avropadan da var, Cənubi Amerikadan, Braziliyadan da. Onların oyunları olan disklərə baxırıq. Avrokuboklarda iştirak etmədiyimizdən vaxtımız var. İyunun 18-də bir araya gəlməyi planlaşdırırıq. Çox güman ki, təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacağıq".
Məlum olduğu kimi, "İnter" hələ ki yerli futbolçular alıb. Bunlar "Sumqayıt"dan Səlahət Ağayev, habelə Slavik Alxasov, Ağabala Ramazanov, Pərdis Fərcad-Azad, "Kəpəz"dən Tərlan Quliyev, "Rəvan"dan Məmməd Quliyevdir. "İnter"in cavab gözlədiyi legionerləri lə yollarını ayırmalı olacağı dəqiqləşərsə, yenidən daxili transfer bazarına müraciət etməyi istisna olunmur.