Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünə avqustun ilk həftəsində start veriləcək. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov məlumat verib.
Onun sözlərinə görə, çempionatın təqvimi və püşkatma tarixi komanda sayı dəqiqləşdikdən sonra açıqlanacaq: "İyunun 13-də AFFA İcraiyyə Komitəsi komanda sayı ilə bağlı qərar verəcək. 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mövsümə gələn ilin mayınadək yekun vurmalıyıq. Amma bu amilə görə mövsümə avqustdan tez start verə bilmərik. Çünki iyulda klublarımızın avrokuboklarda ağır oyunları olacaq. Püşkatma tarixini isə komanda sayı dəqiqləşəndən sonra deyə bilərik".
Yenə 10 komandalı 4 dövrədən ibarət çempionat olsa, 36 turu 2017-ci ilin mayınadək sığışdırmaq lazım gələcək. Bu isə təqvimdə müəyyən sıxlıqlar yarada, hətta qış fasiləsinin qısalmasına səbəb ola bilər. PFL rəsmisi isə narahatlığa əsas görməyib: "Təqvimlə bağlı heç bir problem yoxdur. O qədər belə çətin vəziyyətlərdən çıxmağı bacarmışıq ki... Narahat olmayın, yenə bacaracağıq. Təki komandaların sayı dəqiqləşsin".
Qeyd edək ki, avqustda ilk həftəsonu ayın 6-7-nə təsadüf edəcək.