Azərbaycan avrokuboklarda yeni mövsümdə ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, bu həftə start götürən qitəmiqyaslı turnirlərdə ilk və hələ ki yeganə het-trik Azərbaycan klubundan gəlib.
Bunu "Qəbələ"nin yeni transferi Teo Uiks Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə ev oyununda reallaşdırıb. 26 yaşlı liberiyalı yarımmüdafiəçisi "qırmızı-qaralar"ın "Bakcell Arena"da 5:1 hesabı ilə qalib gəldiyi matçda son 3 qolunun müəllifi olub.
Avropa Liqasında bu mərhələdə ümumilikdə 48 oyun keçirilib. Çempionlar Liqasının I təsnifat mərhələsində isə 4 matç baş tutub. Yəni bu 52 görüşdə yalnız 1 het-trik qeydə alınıb ki, onun da müəllifi "Qəbələ"lidir.
Oyunlarda bir neçə dubl olub ki, onlardan arasında Azərbaycan Premyer Liqasınıln sabiq iştirakçısı da var. Bu, "İnter"in heyətində çempionatımızın mükafatçısı olan latviyalı hücumçu Girts Karlsonsdur. Vətənində "Ventspils"ə qayıdan təcrübəli hücumçu Farer adalarının "Vikinqur" klubuna evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda ilk hissədə dubl edib.
Uiks het-triki ilə avrokuboklarda 2016/17 mövsümündə bombardirlər yarışında liderliyə yüksəlib.