"Qəbələ”nin əvəzedicilərdən ibarət komandasında yeni baş məşqçi təyinatı baş verib. Sportnet.az-ın məlumatına görə, bu, Hüseynqulu Quliyev olub.
44 yaşlı mütəxəssis bunadək U-19-ya rəhbərlik edib və həmin komandanı çempion edib. H.Quliyev Azərbaycan çempionluğu qazanan həmsoyadı, Ramin Quliyevin əsas komandaya məşqçi təyin olunmasından sonra bu vəzifənin icrasına başlayıb.
Məşqlərini Qəbələdə gerçəkləşdirən əvəzedicilər yeni baş məşqçinin rəhbərliyi altında çalışırlar.
2010-cu ildən "Qəbələ”də çalışan H.Quliyev klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarına çalışıb. Son illər U-19-un baş məşqçisi olan Quliyev ötən mövsüm komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb. Bunadək isə o, futbolçu kimi "Termist”, "Turan”, "Xəzri”, "Şəmkir”, "Bakı Fəhləsi”, "Ümid”, "Neftçi” klublarında çıxış edib, məşqçilik karyerasına 2006-ci ildə başlayıb.
Əvəzedicilərin hazırlıq prosesinin Qəbələdə keçirilən ilk mərhələdə klubun U-19 komandasını bəzi üzvləri də iştirak edir. Hüseynqulu Quliyevin yetirmələri artıq ilk yoxlama oyununu da keçirib. "Qırmızı-qaralar” "Sumqayıt”ın əvəzediciləri ilə yoxlama oyununda 6:0 hesabı ilə qalib gəlib.
Hazırlıq prosesinin ilk mərhələsini iyulun 18-də yekunlaşdıracaq komanda həmin gün "Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. Ardınca 3 günlük istirahətə buraxılacaq komanda hazırlığın 2-ci mərhələsi üçün bir araya gələcək.