"Klubumuzun büdcəsinin "Kəpəz"inkindən çox olduğuna dair iddialar həqiqətə uyğun deyil. Hər iki klubun büdcəsi təqribən eyni səviyyədədir". Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın prezidenti Kamran Quliyev deyib.
Quliyev bildirib ki, "Kəpəz" yüksək nəticələri daha çox legionerlərin hesabına əldə edib. O, "Sumqayıt"ın strategiyasının fərqli olduğunu söyləyib: "Özünüz baxın, "Kəpəz"in qollarının əksəriyyətini kimlər vurur? Əliyev, Vəliyev, yoxsa əcnəbilər? Təbii ki, bu komandanın Avroliqadakı çıxışı sevindiricidir. Amma bizim də legionerlərimiz olsa, avrokuboklara vəsiqə qazana bilərik. Klubumuzun Müşahidə Şurası isə yalnız yerli futbolçularla çalışma strategiyasını ilk gündən müəyyənləşdirib və bu, indi də davam edir. Qərarı mən verməmişəm. Nə zaman avrokuboklara vəsiqə qazanacağımızı da Allah bilir. Vaxtilə Avrokuboklara vəsiqə qazanan, amma elə ilk mərhələdəcə uğursuzluğa düçar olan klublarımız olub. Elə aqibəti yaşamaqdansa, heç o vəsiqəni qazanmamaq yaxşıdır. Gərək ölkəmizi beynəlxalq miqyasda layiqli komandalar təmsil etsinlər".
Klub rəsmisi "Sumqayıt"ın futbolçularının "Kəpəz"in oyunçularından çox əmək haqqı almaları fikri ilə də razılaşmayıb: "Deyirlər ki, guya hansısa futbolçuya 5000 manat veririk. Boş söhbətlərdir. İlk dəfə sizə deyirəm: 8 oyunçumuzun maaşı 1000 manatdan aşağıdır. Nəinki 5000 manat, 2000 manatdan çox əmək haqqı alan futbolçumuz yoxdur. Amma "Kəpəz"in futbolçularının aldıqları əmək haqqıdan xəbəriniz varmı?"
"Sumqayıt"ın prezidenti hazırda bütün komandalarda klubun yetirmələrinin çıxış etdiyini vurğulayıb: "Düzdür, Messi və ya Ronaldu yetişdirməmişik. Amma baxın, Şahruddin Məhəmmədəliyev və Bədavi Hüseynov "Qarabağ"ın heyətində çempion olub. Ruslan Qurbanov Azərbaycan Premyer Liqasında ən çox qol vuran azərbaycanlı futbolçu sayıldı. "Bakı" Milinko Pantiçin vaxtında Rəhman Hacıyev üçün xaricə təlim-məşq toplanışına aparmağa bilet də almamışdı. Amma bizdə icarə əsasında oynadıqda elə yüksək səviyyəyə çatdı ki, "Bakı" onu "Neftçi"yə böyük məbləğə satdı. Məhəmməd Mirzəbəyov "Qəbələ"də əsas heyət oyunçusuna çevrilib. Belə misalları çox çəkə bilərəm".
Quliyev strategiyalarının tərkib hissəsi olaraq, pul qazanmalarına da diqqət çəkib. O, oyunçu satışı ilə yanaşı, forma və stadionda Kapital Bankın adının yazılmasından da gəlir əldə etdiklərini bildirib: "Bu gün heç kimə borcumuz yoxdur. Məhdud büdcə ilə klubu saxlayırıq. Az da olsa, gəlir əldə edirik. Bu gəlirlə xərclərimizi tam ödəyirik. Sponsorlarımızdan əlavə vəsait istəmirik. Hesab edirəm ki, müəyyənləşdirdiyimiz strategiyanın bəhrəsini görməkdəyik".
Klub prezidenti yay transfer dövründə çoxlu sayda - 11 yeni oyunçunu baş məşqçinin istəyi ilə heyətə cəlb etdiklərini dilə gətirib.