İspaniya milli komandasının sabiq futbolçusu Raul Qarsiyanın ürəyində problem aşkarlanıb. Sportnet.az-ın məlumatına görə, bu ölkənin "Atletik" klubunda çıxış edən 30 yaşlı hücumçu məşq prosesini yarımçıq tərk etməli olub. Qarsiya qarşıdakı 3-4 həftəni yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Bilbao klubu bəyan edib ki, hücumçunun müalicə zamanı elektrokardioqramında bəzi dəyişikliklər görünüb. Nəticədə Qarsiya məşqlərinin intensivliyini və həcmini azaltmalı olacaq. Komandanın tibbi personalı nəzarət altında saxladığı futbolçunu avqustda yenidən müayinə etdirəcək. Bununla da Qarsiyanın vəziyyətində dəyişiklik yoxlanılacaq. Yəqin ki, baş məşqçi Ernesto Valverde yeni mövsümün ilk turlarında yetirməsinin xidmətindən istifadə etməyəcək.
Qeyd edək ki, ötən yay Bakının "İnter" klubuna qarşı Avropa Liqasında oynamış Qarsiyanın əsas uğurları Madrid "Atletiko"sunda olub. O, paytaxt klubu ilə bir sıra titullar, o cümlədən Avropa Liqasını və UEFA Super Kubokunu qazanıb.