"Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə səfər matçının yayımı ilə bağlı rəsmi bəyanat yayıb. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün Plzen şəhərində Bakı vaxtilə saat 22:15-də oyununun "Youtube" kanalı ilə canlı yayımlanmasının mümkün olmadığını bəyan edib.
Bunun səbəbini açıqlayan Azərbaycan çempionu teleyayım məsələsinə də aydınlıq gətirib: "Ötən turda "Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı "Youtube” kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə "Youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir.
"Viktoriya” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb".