Yarımmüdafiəçi yeni mövsüm haqda bunları deyib: "Bu çempionat ötənilkilərdən fərqli olacaq. Çünki bizi 8 komandalı bir yarış gözləyir. Əgər belə demək mümkündürsə, Premyer Liqada zəif komanda yoxdur. Fikrimcə, daha maraqlı çempionat olacaq. Azarkeşlər bir-birindən gərgin oyunlar izləyəcək. "Kəpəz" mənim yeni klubumdur. Komandama xeyir verməyə çalışacağam. Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparacayıq.
Nicat Qurbanov azarkeşlərə də səslənərək deyib: "Sizin vasitənizlə azarkeşlərimizə səslənib onları bizə dəstək olmağa çağırıram. Onlarsız oyunlar maraqsız olar. Yaxşı bilirəm ki, Gəncədəki matçlara daha çox azarkeş gəlir və bu da rəqiblərə çətinlik yaradır. "Kəpəz"in nəticədən asılı olmayaraq komandaya dəstək verən azarkeşləri var. Bu da çox müsbət haldır".
Xatırladaq ki, "Kəpəz" Topaz Premyer Liqasının I turunda avqustun 8-də "Dalğa Arena"da "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.