"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov klubun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu klubun avroboklarda bombardirlərindən birinə çevrilib.
Bu, Zenyovun Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə hazırda keçirilən matçın 37-ci dəqiqəsində hesabı 1:1 etməsi ilə reallaşıb. Nəticədə Sergey "qırmızı-qaralar"ın avrokuboklarda 5-ci qoluna imza atıb. O, cari mövsümdə vurduğu 5 qolla bombardir olan liberiyalı yarımmüdafiəçi Teo Uiksə çatıb. Onların ən yaxın izləyicisi olan braziliyalı sabiq kapitan Dodonun hesabında 4 qol var.
Digər sabiq kaputan Cavid Hüseynov 3 dəfə fərqlənib. Asif Məmmədov, ukraynalılar Vitali Vernidubla Aleksey Antonov, gürcü Nika Kvekveskiri, serbiyalı Vojislav Stankoviç hərəyə 1 qol vurublar.
"Qəbələ"dən Avropa Liqasında ümumilikdə 10 futbolçu fərqlənib.
Qeyd edək ki, ötən yaydan "Qəbələ"nin şərəfini qoruyan Zenyov II təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə "Bakcell Arena"dakı matçda dubl edib. O, digər 3 qolunu bu yay vurub. Bu, I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1, II təsnifat mərhələsində Macarıstan MTK-sına "Bakcell Arena"da 2:0 hesabı ilə qalib gəldiyimiz matçlardır.
Mehman Süleymanov