Elşən MƏMMƏDOV
Avropa Klublar Assosiasiyasının (ECA) saytına göz gəzdirərkən, diqqətimi bir xəbər çəkdi. Qurum sentyabrın 5-də keçirdiyi iclasında Norveç "Molde"sini ən inkişafda olan klub kimi mükafatlandırıb.
Nə imiş? "Molde" ötən 3 mövsüm ərzində Avropa Liqasında çıxış edib. İlk iki mövsümündə təsnifat mərhələsində uduzub, 2015-2016 mövsümündə isə qrup mərhələsinədək yüksəlib. Sonra isə Türkiyənin "Fənərbağça", Şotlandiyanın "Seltik" və Hollandiyanın "Ayaks" komandalarının yer aldığı qrupdan tarixində ilk dəfə 1/16 finala yüksəlməyi bacarıb. Burada isə Avroliqanın qalibi İspaniya "Sevilya"sına uduzaraq, mübarizəni dayandırıb.
Bu vaxt "Qəbələ"ni xatırladım. "Qırmızı-qaralar" da 3 mövsümdür Avroliqada çıxış edir. İki mövsümdür ilkin təsnifat mərhələsindən başlayaraq, 4 rəqibini mübarizədən kənarlaşdırır və qrupa yüksəlir. Demək, Roman Qriqorçukun memarı olduğu bu uğurların da qiymətləndirilmə zamanı yetişib.
Amma necə qiymətləndirməli? Axı, "Qəbələ" hələ heç ECA-nın üzvü deyil. Son iclasda da üzvlük üçün müraciət edən olmayıb. Deməli, hələ ilk növbədə, bu quruma üzv olmaq lazımdır. Buna imkanlar da var. Azərbaycanın ECA-da əksər vaxtlarda 4 təmsilçisi olub. Amma artıq "Xəzər Lənkəran" bu siyahıdan çıxarılıb. Qalıb "Qarabağ", "Neftçi" və AZAL. İlk 2 klubun üzvlüyü məlum məsələdir. Məgər "Qəbələ" AZAL qədər də deyilmi ki, qitənin tanınmış klublarını birləşdirən qurumda yerini tutsun. Hətta "təyyarəçilər" qədər olmasa belə, Azərbaycandan ECA-ya 4-cü üzv kimi təmsil olunmaq mümkündür.
"Qəbələ"nin hazırkı qrupu ötən mövsümlə müqayisədə daha əlverişlidir. Almaniyanın "Maynts", Fransanın "Sent-Etyen" və Belçikanın "Anderlext" komandaları ilə mübarizədə 1/16 finala yüksəlmə şansları real görünür. Bu, baş versə, gələn il ECA-dan mükafatı "Qəbələ" gözləməlidir. Amma necə? Axı bu klub hələ heç qurumun üzvü də deyil...
Hər yerdə belədir: Oxumağı hecalamaqdan başlayırlar. "Qəbələ" üçün də zamanı yetişib. Avropada "H" səsi çoxdan oxunmur. Gedin, ECA-layın!