"Buraya gəldiyimiz gündən dünya çempionatının həyəcanını hiss edirik. İlk dəfə qatıldığımız çempionatı xoş notlarla yaddaşlara həkk etmək niyyətindəyik".
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri futzal üzrə dünya çempionatının final mərhələsinin Mərakeşlə oyunundan öncə keçirilən mətbuat konfransında Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev deyib.
Kapitan futzalçılarımızın oyuna hazır olduqlarını da qeyd edib: "Yaxşı kollektivimiz var və hər kəs məsuliyyətini dərk edir. Təbii ki, Mərakeşlə oyunda qələbə qazanmaq üçün meydanda əlimizdən gələni maksimum dərəcədə edəcəyik. Məqsədimiz qrupdan növbəti mərhələyə yüksəlməkdir. Bu yolda başlanğıcdan çox şey aslıdır”.
Fərzəliyev ilk rəqib Mərakeş millisi haqda da danışıb: "Rəqibin oyunlarını izləmişik, məşqçilərimiz müəyyən təhlillər aparıb. Bilirik ki, bu mərhələdə zəif komanda olmur. Üstəlik, Mərakeş millisi Kolumbiyaya Afrika çempionu kimi təşrif buyurub. Taktiki-texniki cəhətdən yaxşı təsir bağışlayırlar. Fərdi oyuna üstünlük verirlər. Zəif nöqtələrini özümüz üçün təsbit etmişik. Bundan maksimum yararlanmağa çalışacağıq”.
Xatırladaq ki, Mərakeş- Azərbaycan oyunu Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq.