"Bu oyuna çox hazırlaşmışıq. Burada olduğumuz üçün şadıq. Bakı xoşumuza gəlir. İlk təəssüratlarımız bununla bağlıdır". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq Çexiyanın "Slovan" klubunun baş məşqçisi İndrix Trpişovski deyib.
Oyunöncəsi mətbuat konfransında 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"da kimə qarşı xüsusi tədbir görüləcək?
- "Qarabağ"ın oyunlarına çox baxmışıq. Güclü müdafiəsi var. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Müdafiədə çox oynamamağa çalışacağıq və "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik.
- Cəza müddətiniz bitdi və yenidən meydançada olacaqsınız. Artıq oyunu tribunadan izləməyəcəksiniz. Bu sizə necə təsir edəcək?
- Oyuna tribunadan baxmağım xoşagəlməz hal olardı. Taktikaları əvvəlcədən hazırlamağa ehtiyac olmayacaq. Çünki meydançada oyuna təsir edə biləcəm.
- "Qarabağ"la rəqib olmaq sizə sərf edir, ya yox?
- "Qarabağ" kimi rəqibin olmasına sevinmədik. Güclü komandadır. Qol vurmağa, xal almağa çalışacağıq.
- Digər rəqiblərində birinin İtaliya "Fiorentina"sı olmasını nəzərə alsaq, ilk oyunun "Qarabağ"la olması sizə sərf edir?
- "Fiorentina"nın favorit olmasını hər kəs yaxşı bilir. Bundan əvvəlki "Marsel" və "Braqa" ilə oyunlarımız alınmadı. Amma çalışacağıq ki, "Qarabağ"ı keçək. İlk oyunun kiminlə keçirilməsinin əhəmiyyəti yoxdur.