UEFA "Qarabağ”ın stadion məsələsi ilə bağlı özəl qərar verib
"Qarabağ”ın direktoru Əmrah Çəlikəlin Sportnet.az-a müsahibəsi
"Qrupda ikinci ev oyunumuzu "Tofiq Bəhramov"da keçirəcəyik"
- "Slovan”la oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməməsi planlarınıza necə təsir göstərdi?
- UEFA "Dalğa Arena”ya qərar versə də, əlbəttə, "Tofiq Bəhramov”da oynamaq istəyirdik. Ancaq orda UEFA bir məsələni qabartdı ki, bu da futbolçu sağlamlığına zərbə ola bilməsi ilə bağlıdır. Biz də bunun qarşısında heç nə deyə bilmədik.
- Sağlamlığa zərbə deyəndə, həmin meydanda zədə alması ilə bağlıdır...
- Bəli. Ot özünü tam bərkitmədiyindən, qazon yumşaq, palçıq kimi olur və orda hər cür zədə almaq imkanı var. Biz həm öz, həm də rəqib futbolçular barəsində belə bir riskə gedə bilməzdik. Ancaq qrupda ikinci ev oyunumuzu "Tofiq Bəhramov”da keçirəcəyik. Biz özümüzə inanırıq. Bunun üçün lazımi işləri görəcəyik.
- UEFA PAOK-la oktyabrdakı matçadək bir daha Respublika stadionuna baxacaq?
- Avrokubok yarışları burada keçiriləcəyindən, UEFA nümayəndələri mütəmadi burada olurlar. "Qəbələ” sentyabrın 29-da Bakıda oynayacaq. UEFA üçün meydan, ot amili çox önəmlidir. Bunu daim nəzarətdə saxlayırlar. Əlbəttə, gördüyümüz və görəcəyimiz işlərlə bağlı UEFA-ya daim məlumat veririk. Onu da qeyd edim ki, UEFA qrupda ev oyununun harada başlayırsa, orada bitməsini istəyir. Yəni "Dalğa Arena”da başladıqsa, sonadək orada oynansın. Ancaq bizim vəziyyət bir qədər gözlənilməz olduğu üçün özəl qərarla bizə bir oyunu "Dalğa Arena”da keçirməyə icazə verdi. Bu, 2 oyun da ola bilər. Hər şey Respublika vəziyyətindən asılı olacaq.
- "Tofiq Bəhramov”un ot örtüyünün tam yaxşı vəziyyətə gətirilməsi üçün hansı işlər nəzərdə tutulub?
- Bunun üçün həyata keçirə biləcəyimiz bir neçə variantımız var. Əsas diqqəti ota yönəldəcəyik.
"Ot işi ilə bağlı xaricdə də kimə müraciət etdiksə, bizə Filipp Şarplesi söylədilər"
- Problemin nədən yarandığını araşdırmısınız?
- Fikir verirsinizsə, hər ilin eyni vaxtında, əsasən avqutsda "Tofiq Bəhramov”un qazonunda belə problem yaranır. Mən fürsətdən istifadə edərək saytınız vasitəsilə "Qəbələ” klubunun rəhbərliyinə təşəkkür etmək istəyirəm. Onlar öz mütəxəssislərini bizə verdilər və hər cür dəstəklərini əsirgəmirlər. Bu, həm texniki, həm də mütəxəssis planındadır. Söhbət ingiltərəli mütəxəssis Filpp Şarplesdən gedir.
- Deməli, tanınmış, təcrübəli mütəxəssisin xidmətindən istifadə etməyə qərar verdiniz...
- Bəli. Şarples son vaxtlar bizimlədir, meydançalarımıza baxır. Təbii ki, bu, "Qəbələ” klubunun rəhbərliyinin icazəsi ilə olur. Bu, bizim üçün çox böyük şansdır və klubun vitse-prezidenti Fariz Nəcəfova bir daha minnətdalığımı bildirirəm. "Qəbələ” bizə təmənnasız, heç bir şey güdmədən, bir kəlmə ilə yardım əlini uzatdı. Onlar bütün imkanlarını bizim üçün səfərbər etdilər. Meydanın birdəfəlik qaydasına düşməsi üçün Filipplə bir neçə variantımız var. Ancaq qarşımızda duran əsas məsələ odur ki, biz yenə qrup matçı oynayacağıq. Özü də "Tofiq Bəhramov”da. Ona görə də çox sürətli tədbirlər görməliyik. Fikirləşirik ki, nə edə bilərik, nəyi yox. Zaman hər şeyi göstərəcək. Biz bu işləri görmək, bir daha qazon problemi olmaması üçün son qərarı mütləq deyəcəyik. Onu da nəzərə almaq lazımdır ki, son illərin ən isti yay aylarını keçiririk. Bu, bəhanə olmasa da, hər halda, bu gün "Tofiq Bəhramov”un vəziyyətinə təsir göstərən amillərdən biridir.
- Şarples nə vaxt cəlb olunub?
- "Göteborq”la matçdan sonra dərhal sonra gəlib bizə kömək etməyə başladı. Buna görə ona "sağ olsun” deyirəm. "Qarabağ” qrupa düşəndən sonra Şarplesin başçılığı altında işlər görülür. Bildiyiniz kimi, bizim "Xəyal adası” layihəmiz, qolf sahələrimiz, onlara baxan ingilis mütəxəssislərimiz var. Onlar da ot işləri ilə bağlı olduqlarından bzə kömək edirlər. Respublika stadionunun qazon problemini birdəfəlik həll etmək üçün variantlar axtarırıq.
- Şarplesin Qəbələdə gördüyü işlər göz qabağındadır. "Qalatasaray”ın hazırkı stadionunda da çalışıb. Bu mütəxəssis sizə ilk növbədə nəyi görməyi tövsiyyə edir?
- İndidən bu haqda bir şey söyləmək istəməzdim. Bu barədə tam qərar verəndən sonra açıqlama verməyimiz daha düzgün olar. Əslində, bunu söyləmək istəmirdim. Sizə ekskluziv olaraq onu deyə bilərəm ki, "Qəbələ” rəhbərliyinin razılığı, istəyi ilə Qəbələdəki bir məşq meydançasının öt örtüyünü söküb "Tofiq Bəhramov”da əkmək variantımız var. Bunu sökən və daşıyan texniki avadanlıqlar Azərbaycanda olmadığı üçün Türkiyədən ya Rusiyadan gətirməyi baxırıq. Dubayda da bir-iki variant var. Avadanlıqlar gələndən sonra Qəbələdə bir məşq meydançasını söküb Bakıya gətirəcəyik.
- Belə çıxır ki, bu mütəxəssis iki işi çatdıra bilir...
- Bəli O, Qəbələyə gedib-gəlir. Filippin əsas işi "Qəbələ” klubundadır. Öz rəhbərliyinin xüsusi icazəsi ilə bizə sadəcə, kömək edir.
- Maraqlıdır, Şarplesi sizə kim tövsiyyə etdi?
- Ot işi ilə bağlı xaricdə də kimə müraciət etdiksə, bizə Filippin adını söylədilər. O, bu sahədə tanınmış mütəxəssisdir. Qəbələdəki meydanın necə yaxşı vəziyyətdə olduğunu bilirsiniz. Çətin işlərin öhdəsindən yaxşı gələn mütəxəsisdir.
- Şarplesin necə vaxtdır Azərbaycanda çalışdırdığını nəzərə alsaq, əvvəldən onu bu işə cəlb etmək variantı nədən olmayıb?
- Bəlkə tez bir zamanda "Tofiq Bəhramov”un qazonunu həll etmək lazım gəldiyindən, bu varianta əl atdıq. Açığı, əvvəldən ağlımıza gəlməmişdi, bu barədə daha öncə fikirləşməmişdik. Bizim də öz yerli mütəxəssislərimiz var. Ancaq nəyinsə çatışmadığını gördük və daha peşəkardan bir kömək istədik. Həm Şarples özü, həm də klubu bizə yüksək səviyyədə kömək elədi.
- Cari çempionatda "Azərsun Arena”da oynamırısnız. Onun problemi nədir?
- Bu da istilərlə, mövsümlə əlaqəlidir. Onu da qısa zamanda yoluna qoyacağıq. Bu işdə də Filippdən yardım alırıq. Bu stadionla məsələ bir az fərqlidir. Problem texnika, drenaj, suvarma sistemi ilə bağlıdır. Orda da işlər qısa zamanda bitəcək.
- Əsas məsuliyyətli şəxslər kimlər olub ki, meydanlarınızla bağlı belə problemləriniz yaranıb?
- Hamımız məsuliyyət daşımıq, elə mən də. Ortada bir problem varsa, klubda aşbazından tutmuş yüksək səviyyədə rəhbərliyədək hamı məsuliyyət daşıyır.
- Konkret məsul şəxslərdən kimlərisə cəzalandırmaq zərurəti yaranıbmı?
- Təbii ki, konkret kimlərin məsulyyəti olduğunu araşdırırıq. Ancaq bu, bizim daxili işimizdir. İndi əsas işimiz odur ki, belə bir sıxıntı bir daha yaşanmasın.
"Futbolçularımız, hamımız o istəklə alışıb yanırıq ki, qrupdan çıxaq"
- Bu, hamımızın istəyidir. Üç il öncə Zelinkanın haqsılığına məruz qalan demək olar bütün futbolçular "Qarabağ”dadır. Həmin heyətdən çox az futbolçumuz gedib. O da bir qismət idi, demək onda da bir xeyir var idi. Buna təcrübə kimi baxırıq. Əlbttə, bizim hər zaman hədəfimiz ən yüksək olub. İndidən sonra da belə olacaq. Biz qrupda gəzməyə, oyunlara turist kimi getməyəcəyik. Futbolçularımız, hamımız o istəklə alışıb yanırıq ki, qrupdan çıxaq.
- İki cəbhədə oynamaq komandanın sabitlik mənasında çıxışına nə dərəcədə təsir göstərə bilər? Mövsümün əvvəlində "Qarabağ” 4 oyun ardıcıl qələbə qazana bilmirdi...
- Sıx qrafiklə bağlı problemimiz olmayıb. Hətta təsnifat mərhələsi vaxtı çempionat oyunumuz olanda onun təxirə salınması üçün hər şey edirdik. Biri avrokubok olmaqla, həftədə 2 oyun keçirmək təcrübəmiz oldu. Buna fiziki gücümüz yetərli oldu. Həm futbolçular, həm də klub səviyyəsində bu 3 ildə çox irəliləyişə nail olduq, Azərbaycan futbolu inkişaf etdi. Hazırda Türkiyə, Avropa şərtlərində çox az klubun sahib olduğu bazaya, infrastruktura sahibik. Bizə bu şəraiti himayədarımız "Azərsun Holdinq” yaradıb. Klubda hamı – sponsorlardan, idarəçilərdən tutmuş hər kəs əsas komandamızın uğurlu çıxışı üçün çalışır. Doğru görülən işlərdə nəticə özünü çox gözlətmir. Biz buna nail olmaq niyyətindəyik və işimizi o yöndə qururuq.
- Artıq çempionat 8 komandanın iştirakı ilədir. Sizcə, bu format qrupda da oynayacaq "Qarabağ”ın planlarına uyğun gəlirmi? Hər halda, əvvəlki 2 mövsümdə olduğu kimi qrafikdə sıxlıq olmayacaq...
- Məncə, bu, işin daha çox məşqçilərə bağlı olan tərəfidir. Bunu baş məşqçimiz Qurban Qurbanov daha yaxşı təhlil edib cavablandıra bilər. Bizim işimiz ondan ibarətdir ki, təşkilatçılığı yüksək səviyyədə edək. Futboçularımız, komandamızın oyunlara rahat çıxması yönündə hər hansı əngəl olmasın. Ancaq olan format budursa, bunu dəyişə bilmərik.
"Asif Əsgərov çox ciddi, böyük qəzadan sağ-salamat çıxdı"
- Rəqiblərimizin təşkilatçılıq planında xüsusi bir istəkləri varmı?
- Təbii ki, hər püşkamatadan sonra qrup nümayəndələri yığıncaqda bir araya gəlirlər. Burada oyunların keçiriləcəyi şəhər, otellər, nəqliyyat məsələri müzakirə olunur, bir-birilərinə məlumatlar ötürülür. Biz də digərləri kimi hər oyundan 1-2 gün öncə nümayəndəmizi səfərə göndərib komandanın rahat yerləşməsi olan lazımı təşkilatı işləri görürür. Təbii ki, rəqiblərimiz bunu edir.
- Təşkilatçılıqdan söz düşmüşkən, əsas işləri görən şəxslərdən biri baş menecer Asif Əsgərov hələ "Göteborq”la oyunlardan öncə keçirdiyi avtomobil qəzası üzündən işindən kənarda qalıb. Onun yoxluğu onsuz da çox olan işlərin görülməsinə hansı təsir göstərib?
- Asif çox ciddi, böyük bir qəzadan sağ-salamat çıxdı. Əsas olan da bu idi. Əlbəttə, hamımız çalışırıq ki, onun yoxluğu hiss etdirilməsin, o varmış kimi olsun. Əsgərovun kluba faydası doğrudan da çox böyükdür. Onu tanıyan hər kəs bunu yaxşı blir. Əslində, deməzdim ki, işləmir. Bir neçə gündür oturduğu yerdən, evdən təşkilati məsələlərə qoşulur, müdaxilə edir, həllinə öz köməyini göstərməyə çalışır, dəstəyini verir. Təbii ki, Asifin işdə yoxluğunu istəmərik. Ancaq ilk növbədə ona şükür edirik ki, ailəsi ilə birgə qəzadan sağ-salamat çıxdılar.
Mehman SÜLEYMANOV