Sabah Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, bu dəfə tur 4 gün davam edəcək.
Məsələ ondadır ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsinin (referendum) olacağından həmin gün turun matçının olması nəzərdə tutulmayıb. Nəticədə tura bundan 1 gün sonra yekun vurulacaq.
Qarşıdakı turda matçlardan çoxu - 3-ü paytaxtda olacaq. Tur Bakı derbisi ilə başlayacaq. Qələbə üzünə həsrət qalaraq son pillədə qərarlaşan AZAL liderlər qrupunda yer alan "İnter"i qəbul edəcək. "Təyyarəçilər" rəqibinə son 5 oyunda nəinki qalib gələ, qol da vura bilməyib. Təbii ki, "İnter" cütün aşkar favoritidir. Hərçənd, "bankirlər" milli çempionat tarixində ən ağır məğlubiyyətini 6 il öncə məhz AZAL-dan alıb - 0:5.
Turun ən maraqlı oyunları bazar gününə təsadüf edəcək. Liderlər "Qəbələ" ilə "Qarabağ" sfər oyunlarına çıxacaqlar. Roman Qriqorçukun komandası "Zirə"nin qonağı olacaq. Ötən mövsümdə öz meydanında uzun müddət uduzmayan Adil Şükürovun komandası ilk məğlubiyyətini ölkə kubokunda məhz "Qəbələ"dən 1:2 hesabı ilə alıb. İndisə "Zirə"ni onun meydanında məğlub etmək elə də çətin deyil.
"Qarabağ" isə Gəncəyə səfər edəcək. Şahin Diniyev "Kəpəz"in baş məqşçisi olduğu müddətdə "Qarabağ"a bir qayda olaraq uduzub. Ümumiyyətlə, Gəncə klubu rəqibini sonuncu dəfə 14 il öncə məğlub edib. Maraqlıdır ki, onda "Qarabağ-Azərsun" adlanan komandanın baş məşqçisi məhz Diniyev olub.
"Neftçi" debüt edtiyi yeni baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında bu dəfə ilk ev oyununa çıxacaq. Rəqib olan "Sumqayıt" bir vaxtlar "ağ-qaralar" üçün başğarısı idisə, son 8 görüşün yalnız 1-də qalib gələ bilib. Bu mənada Abdullayevin "Neftçi"də ilk qələbəsini qazanmaq şansı çoxdur. "Neftçi" hələ ki rəqiblərini "Bakcell Arena"da yox, "Əlincə Arena"da qəbul etməli olur. Həmin "Əlincə Arena" ki, flaqman son ev oyununda "Qəbələ"yə 0:8 hesabı ilə uduzmaqla milli çempionat tarixində ən ağır məğlubiyyətini aldı.
24 sentyabr (şənbə)
16:00. AZAL – "İnter”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "AZAL Arena” stadionu
25 sentyabr (bazar)
15:30. "Kəpəz” – "Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə. Şəhər stadionu
18:00. "Zirə” – "Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. Zirə İdman Kompleksinin stadionu
27 sentyabr (çərşənbə axşamı)
19:00. "Neftçi” – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "Əlincə Arena” stadionu