"Emil Balayev gənc, perspektivli qapıçımızdır. Ondan çox şey gözləyirdim. "Ayntraxt”a gedəndə çox sevinmişdim”.
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizov deyib. Onun sözlərinə görə, millimizin sabiq qapıçısı Emil Balayevin Frankfurtun "Ayntraxt” klubunun heyətə düşə bilməməsində zədə amilinin də təsiri olub: "Emil bu klubda möhkəmlənə bilmədi. Bir səbəbi odur ki, zədə aldı, özü də iki dəfə. İnfeksiya düşmüşdü, çənəsindən əməliyyat olundu. Ona görə məşqi çox buraxdı. Bəlkə məşqçilər bunu görərək ona şans vermədilər”.
Məlum olduğu kimi, Balayev II Bundesliqasında mübarizə aparan "Ayntraxt" (Braunşveyq) klubuna baxışına yollanıb. Əzizov qapıçı ilə əlaqədə olduğunu söyləyib: "Klubsuz qalanda bir müddət mənimlə məşq etdi. Sonra kollektivlə məşq etmək istədi. "Qarabağ”la danışdı, sağ olsun baş məşqçi Qurban Qurbanov, icazə verdi. Emilin alman meceri "Ayntraxt"la danışıqlar aparır. Hələ ki məsələsi açıq qalıb".
Millimizin qapıçılarla işləyən məşqçisi Balayevin yay fasiləsində Norveçin yüksək liqasından təklif aldığını söyləyib: "Onu iki ay qabaq Norveçin yüksək liqa klubu istəyirdi. Özü də əsas qapıçı kimi birbaşa müqaviləyə. Ancaq Emil klubla bağlı bütün işlərini həmin alman menecerə həvalə edib. O da qapıçının adından norveçlilərə "yox" deyib. Deyib ki, təklif olunan məbləğ az imiş, sənə heç nə qalmayacaq. Norveçdə aylıq 6-7 min avro məvacib verirlər. Ora da bahalı ölkədir. Gərək ev tutasan və sair. Emilə dedim ki, gərək gedib oynayardın. Mən sənin yerinə olsaydım, belə edərdim. Hətta pul az da olsaydı, razılaşardım. Yalnız qalmaq xərcimi ödəsinlər, bəsimdir. Norveçin yüksək liqasında heç 1 il də yox, 6 aydan sonra səninlə klublar maraqlanacaqlar. Mən Iranda 6 ay oynayandan sonra "İstiqlal", "Sobahan" məni istəyirdi. Klublar yaxşı qapıçıları həmişə axtarıblar".
Mehman Süleymanov