
"Qarabağ" azarkeşləri "Kəpəz"lə Azərbaycan Premyer Liqası matçından sonra bir müddət Gəncə şəhər stadionunun tribunalarını tərk edə bilməyib.
Sportnet.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, buna yerli azarkeşlərlə onlar arasında insidentin yarana bilmə təhlükəsi səbəb olub.
Oyun başa çatdıqdan təqribən 20-25 dəqiqə sonra polislər Ağdam komandası fanatlarının çölə çıxmasına icazə veriblər. Gəncənin icra başçısı polisə "Bunların hamısını salamat yola salın" tapşırığını verib.
Vəliyev oyundan sonra ona görüş barədə sual ünvanlayan jurnalistə "Mən azarkeşəm. Siz Mikayıl Nərimanoğlu ilə danışın" cavabını verib.
Fanatlar isə tribunadan endikdən sonra paltardəyişmə otağının qarşısına gəliblər. Onlar avtobusa yaxınlaşan "Qarabağ"ın futbolçuları və baş məşqçisi Qurban Qurbanovla xeyli "selfi" çəkdiriblər. Polis bu zaman asayişin pozulacağından ehtiyatlanaraq, azarkeşləri aralamaq istəyib. Amma Qurbanov müdaxilə edərək, "Narahat olmayın, problem olmayacaq" deyib.
Qeyd edək ki, görüş heç-heçə ilə nəticələnib - 1:1.
Mehman Süleymanov, Gəncə