"Qarabağ"ın futbolçusu Maksim Medvedev "Kəpəz"lə səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, 27 yaşlı müdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Bu gün belə meydanda oynamaq heç də yaxşı deyildi. Dünən yağışlar yağdığından, oynamaq çox çətin idi. Həm də səfərdə və fərqli iqlim şəraitində oynayırdıq. Amma fikrimcə, ikinci hissədə rəqibdən daha üstün oynadıq. Çalışırdıq ki, top saxlayaq. Düzdür, çox çətin alınırdı. Top ayaqdan qaçır, sürüşürdü. Bunlar futbolda olan şeylərdir. Bu gün uduzaraq, heç bir xal da ala bilməzdik. Amma qolumuzu vura bildik. Fikrimcə, 1 xal da yaxşıdır.
- Gəncəyə oyun günü gəlməyinizin, stadiona uyğunlaşma baxımından, sizə hər hansı təsiri oldu?
- Əksinə, özüm də tərəfdarıyam ki, şərait varsa, oyun günü səfərə çıxmaq daha yaxşıdır. Bakıdan Gəncəyə bir saatlıq yoldur.
- Bu, komandanızı maddi cəhətdən də irəli salır. Bir var otelə xərcləyəsən, bir də var yalnız yola...
- Mən səfərin maliyyə tərəflərinə qarışmıram. Şəxsən özümə belə sərf edir. Bakıda öz bazamızda yaxşı şəraitdə qalırıq, hər şeyimiz var. Gəncəyə təyyarə ilə getmək Sumqayıta avtobusla yollanmaq kimi bir şeydir. Ona görə də "Kəpəz"lə matça oyun günü gəlib-qayıtmağımız, əksinə, yaxşı haldır. Artıq bir saatdan sonra öz evimizdə olacağıq.
- İkinci hissədə İlqar Qurbanovla əvəzlənməyiniz nə ilə əlaqədar idi?
- Bu sualı baş məşqçiyə versəydiniz, daha yaxşı olardı. Qeyd etdiyim kimi, meydanın vəziyyəti çox ağır idi. Baş məşqçi də gördü ki, "Kəpəz"dən meydana Nicat Qubanov - yeni qüvvə daxil oldu. Həm də zədə ala bilərdik.
- Bəlkə səni İtaliya "Fioretina"sı ilə səfərdə keçirəcəyiniz Avropa Liqası matçı üçün qoruyurdu?
- O da ola bilərdi. Qurban müəllim istəyir ki, bütün futbolçular yaxşı formada olsun, zədəlilər olmasın. Ona görə də məncə, belə qərar verdi.
- Yeri gəlmişkən, "Fiorentina" ilə oyundan nə gözləyirsiniz?
- Çox maraqlı oyun olacaq. Özümüz də bu matçı səbirsizliklə gözləyirik. "Fiorentina"nın "Qarabağ"a nəzərən necə böyük klub olduğunu başa düşürük. "Qarabağ" 3-4 ildir özünü tanıdır. "Fiorentina" isə İtaliyanın flaqmanı, "Neftçi"si olmasa da, çox tanınmış komandasıdır. Düzdür, bizdən azarkeşlər çox şey gözləyir. "Fiorentina"dır da, "Real Madrid" deyil ki" deyənlər də var. Amma dərk etmək lazımdır ki, "Fiorentina" "Qarabağ" üçün çox çətin rəqibdir. Həm reytinqi, həm də oyunçuları baxımından, daha üstün komandadır.
Mehman Süleymanov, Gəncə