"Kəpəz"in litvalı qapıçısı Tadas Simaitisin Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına müsahibəsi
- Son 3 mövsümdə Premyer Liqamızın qalibi olan "Qarabağ"la matçdan sonra emosiyaların necədir?
- Müsbət. Matçı 1:1 hesabı ilə başa vurduq. Əlbəttə, qalib gəlmək istəyirdik. Ancaq düşünürəm ki, heç-heçə də pis nəticə deyil.
- Komandanız hesabda irəli idi. Qələbəyə nə çatmadı?
- 1:0-dan üstünlüyü artıra bilmədik. Lakin dediyim kimi, 1:1 hesabını da pis nəticə saymıram. Əgər oyundan əvvəl desəydilər ki, "Qarabağ"la matç 1:1 olacaq, bunu qənaətbəxş nəticə sayararaq razılaşardım.
- Hər halda, meydana qələbə üçün çıxmışdınız...
- Əlbəttə, meydana çıxanda hamı qələbə haqda düşünür. Ancaq nəzərə almalıyıq ki, "Qarabağ" güclü rəqibdir və ötən çempionatda hər 4 oyunda ona uduzmudşuq. Bu dəfə xal almağımız yaxşıdır.
- Reynaldo Silvanın vurduğu qolun qarşılığını almamağınıza nə mane oldu?
- Onu diqqətdən kənarda qoyduq və yaxın məsafədən qapıya dəqiq zərbə vurdu. Reynaldo həmin epizodda çox yaxşı oynadı. O, mənə heç bir şans vermədi.
- Yeri gəlmişkən, o, Azərbaycan milli çempionatında qol vuran braziliyalı futbolçular arasında 1-ci pilləyə yüksəlib...
- (gülür) Qolunu bizimlə oyunda vurması mənim üçün yaxşı hal deyil. Ancaq özü üçün əlamətdardır.
- İkinci mövsümdür şərəfini qoruduğun "Kəpəz" ötən ilkindən necə fərqlənir?
- İndi də yaxşı komandamız var. Heyətimizdə yenə güclü futbolçular var. İlk 3-4 oyunda bizə çətin idi. Ancaq son oyunlarda yaxşı təsir bağışlayırıq. Hər matçdan-matça daha yaxşı oynayırıq.
- Səncə, bu mövsüm də Avropa Liqasına vəsiqə qazana biləcəksiniz?
- Əlbəttə, hamı düşünür ki, bu mövsüm də Avropa Liqasına vəsiqə qazanmalıyıq. Bütün komanda üzvləri buna köklənib. Biz 5-6-cı yox, avrokuboklara vəsiqə verən ilk 4 yer uğrunda oynayırıq.
- Premyer Liqada iştirakçılarımız sayı azalıb. Bəs səncə, səviyyə də aşağı düşüb?
- Mən belə düşünmürəm ki, Azərbaycan çempionatının səviyyəsi düşüb. Mənim üçün fərqi yoxdur ki, neçə komanda var. Hər oyunda uğurlu nəticə haqda düşünürük. Əlbəttə, çempionatda iştirakçı çox olanda, yeni komandalar çıxış edəndə daha maraqlı olur. Ancaq indi 8 iştirakçı varsa, deməli, bunu qəbul etməliyik.
- Belə fikirlər də səslənir ki, ilk 3 pillədə gedən komandalarla digər 5 iştirakçı arasında böyük fərq var...
- Mən delə deməzdim. Bütün oyunlar çətindir.
Mehman SÜLEYMANOV