Sabah Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində 2-ci oyunlarını keçirəcəklər. Sportnet.az-ın məlumatına görə, bu dəfə "Qəbələ” evdə, "Qarabağ” səfərdə oynayacaq. Roman Qriqorçukun komandasını öz meydanında ilk rəqibi Almaniyanın "Maynts” klubu olacaq. Qurban Qurbanovun yetirmələri isə İtaliyada "Fiorentina”nın qonağı olacaq.
Göründüyü kimi, hər 2 təmsilçimiz "Böyük beşlik” təmsilçiləri ilə çətin sınaq qarşısında olacaq. Əslində, ölkəmizə 4-cü mövsümdür təmsil olunduğu qrupda mütləq bu 5 ölkədən – İtaliya, İspaniya, İngiltərə, Almaniya və Fransadan biri rəqib olsa da, eyni turda ikisi ilə qarşılaşmaq ilk dəfə olub. "Fiorentina” ilə "Maynts” isə öz ölkələrinin Azərbaycan klubları ilə qarşılaşacaq yeni təmsilçiləridir. İtalyanlar bundan öncə qrupda qarşımıza 2 dəfə "İnter”lə, Amaniya Dortmund "Borussiya”sı ilə çıxıb.
Əlbəttə, bu turda "Qarabağ”ın işi daha çətin olacaq. Bu, həm rəqibin daha güclü, tanınmış, təcrübəli komandası olması, həm də oyunun rəqib meydanında keçirilməsi ilə bağlıdır. Ancaq bu qrupda vəziyyətə baxsaq, hamı eyni - 1 xala malikdir. Deməli, mübarizə demək olar yenidən, hər şey sıfırdan başlayır. Özü də "Qarabağ” topların daha yaxşı fərqinə hazırda turnir cədvəlində "Fiorentina”dan öndədir. Bu yerdə qeyd edək ki, Ağdam klubu qrupa mübarizəyə evdə Çexiyanın "Slovan” klubu ilə 2:2, Florensiya təmsilçisi Yunanıstanda PAOK-la qolsuz heç-heçə edib. Saloniki təmsilçisi bunu evdə etsə belə, hər halda italyanlar xal ala bilib. "Qarabağ” isə bunu səfərdə bacarsa, böyük üstünlük olacaq. Qurban Qurbanovun komandası məğlub olarsa, qrupdan çıxmaq işini çətinləşdirəcək və çox şey PAOK-la ardıcıl oyunlardan asılı olacaq.
"Qarabağ” qrupda debütündə İtaliyada "İnter”ə qarşı oynayıbsa, "Qəbələ üçün bu siftə Dortmund "Borussiya”sı ilə olub. Əlbəttə, "Maynts” bu klub kimi tanınmış, güclü deyil. Özü də "Qəbələ” ardıcıl 2-ci mövsümdür qrupda çıxış edirsə, "Maynts” bu mərhələdə debüt edir. Yəni Roman Qrioqrçukun komandasının təcrübəsi rəqibindən böyükdür. "Qəbələ” mübarizəyə Belçikada "Anderlext”ə 1:3 hesabı ilə uduzmaqla başlayıbsa, "Maynts”evdə xal itirib. Hərçənd, Bundesliqa təmsilçisi Fransanın "Sent-Etyen” klubu ilə matçda qələbəni son dəqiqələrdə buraxdığı qolla əldən verib – 1:1.
Göründüyü kimi, "Qəbələ”nin rəqibi ondan cəmi 1 xal öndədir. "Qırmızı-qaralar” qalib gələcəyi halda turnir cədvəlində onu keçəcək və qrupdan çıxmağa iddiasını ortaya qoyacaq.
Xatırladaq ki, ilk olaraq meydana "Qəbələ" çıxacaq. Saat 19:00-da keçiriləcək "Maynts"la matç bitən - Bakı vaxtilə saat 21:00-da İtaliyada "Qarabağ"ın sınağı start götürəcək.