"İnter"in hücumçusu Rauf Əliyev Azərbaycan Preyer Liqasının VII turunun açılış matı olan "Zirə" ilə 1:1 hesablı bərabərliyə qaldıqları ev matçından sonra müsahibə verib. Millimizin sabiq futbolçusu Sportnet.az-ın oyunda olan əməkdaşının suallarını da cavablandırıb.
- Oyunun sonunda qələbəni əldən verdiniz. Fikrincə, heç-heçə layiqli nəticə oldu?
- Əlbətə, yox. Çünki evdə 3 xala oynayırdıq. Qəbələ seriyamızı bu oyunda davam etdirmək istəyirdik. Ancaq çox vacib 2 xal itirdik. Bir tərəfdən baxanda, axır 2-3 oyunda son saniyələrdə qalib gəlmişdik. Ancaq bu matçda son saniyələrdə oyunu verdik. Məyusuq, çünki an etibarilə liderliyə yüksələ bilərdik. Ancaq çox heyfsilənsək də, bu, futboldur. Çempionatın gedişatında belə şeylər olacaq.
- Qarşıda "Qəbələ”nin "Qarabağ”la görüşü var. Əsas rəqiblərinizdən biri mütləq xal itirəcək. Ola bilər ki, bu, ikisi də olsun. Bəlkə liderliyi bərpa etmək olacaq?
- Açıq desəm, bu komandaların xal itirməsi bizim üçün o qədər də vacib deyil. Əsas öz oyunlarımızda qələbə xallarımız idi. Biz rəqiblərimizin oyunlarında hansı nəticə olacaq, bizə necə təsir edəcək – bu haqda fikirləşmirik. Bu gün qələbəni əldən verdiyimizə görə məyus olduq.
- Oyunda iki fərqli hissə izlədik. "Zirə” xüsusilə ikinci hissədə 2 dəyişiklikdən sonra daha yaxşı oynadı. Komandanıza bu anlarda nə çatmadı? Fiziki cəhətdən, yoxsa...
- Çempionat başlayandan izləmisinizsə, hücuma keçəndə müdafiədən oynayırıq. Bu zaman komanda istər-istəməz arxaya çəkilir. Çünki qlaib gəlirik, rəqib komanda təzyiq edir. Nəticədə oyunu müdafiədən qururuq. Bu gün də belə bir şey oldu. "Zirə”ni əks-hücumlarda tutmaq istəyirdik. Hər şeyə yaxın idik. Amma oyun əldən çıxdı.
- Futbol ictimaiyyətini maraqlandıran bir məsələ var ki, Rauf Əliyev milliyə dəvət alacaq ya yox...
- Keçən dəf həmkarınızla demişdim ki, milli haqda o qədər danışmaq istəmirəm. Mənim üçün artıq vacib deyil ki, millidə nə olacaq, baş məşqçi məni çağıracaq, ya yox. Çağırsalar, problem yoxdur. Yenə canımı, var-gücümü qoyub oynayacağam. Çağırmasalar da, o qədər də vacib deyil.
- Vacib deyil deyəndə, bu, birmənalı qəbul olunmur...
- Açığı, milli haqda söz-söhbətlərdən artıq bir növ yorulmuşam. Mən oynayıram, hazır olacağamsa, çağırılacağam. Çağırmayacaqsa, o qədər də məyus olmayacağam. Millidə başqa bir ab-hava var, artıq alışmışıq, Neyləyək...
- Rəqib bərabərlik qolunu vuranda "İnter”in həm meydanda, həm də ehtiyatda olan futbolçuları çox aqressiv oldular...
- Təsir edər də, qardaş! Uzatma dəqiqəsində 2 xal itirirsən. Özü də çox vacib. Biz turnir cədvəlində 4-5-ci sırada olsaydıq, o qədər də təsir eləməzdi. Ancaq bu gün liderlər qrupunda qərarlaşmışıq. Əgər bu gün 2 xal itiririskə, əlbəttə, bizə çox təsir edir.
- Əvəzlənəndə çox məyus görünürdün...
- Yox. Düzünü desəm, son dəqiqlərdə yorulmuşdum. Özüm baş məşçqiyə bildirmək istəyirdim ki, məni əvəzləsin. 1-2 dəqiqədən sonra dəyişməsəydi, özüm bunu etməsini istəyəcəkdim.