"Sumqayıt"ın hücumçusu Amil Yunanovun Sportnet.az-a müsahibəsi
- Komandanız son turda cari çempionatda ilk böyükhesablı məğlubiyyətini "Qarabağ"la səfər matçında alıb. Uğursuzluğu nə ilə izah edərdin?
- Xal qazanmaq üçün əlimizdən gələni etdik. Ancaq oyunumuz alınmadı. Əvvəli matçlara baxanda çox zəif oynadıq. Gələcək qarşılaşmalarda düzələr.
- Bu il "Qarabağ”a nəinki uduzur, qol da vura bilmirsiniz. Niyə bu komandayla oyununuz alınmır?
- Rəqib çox güclüdür. "Qarabağ” Avropa səviyyəli komandadır. Bu üzdən böyük faciə deyil ki, ona qol vura bilməmişik. Bunu istəsək də, alınmır. Ancaq meydanda əlimizdən gələni edirik, çalışırıq, sonadək mübarizə aparırıq. Nəsə alınmır.
- Meydana sonradan çıxmaq oyununa necə təsir göstərir?
- Əslində, bu, daha yaxşıdır ki, yüz faiz güclə meydana daxil oluram. Çalışdım ki, komandama kömək edim. Elə düşünürəm ki, oyunum yaxşı alınmadı.
- Hətta bir epizodda əlverişli mövqedə olduğun halda ötürmə verə bilməyərək yerə yıxıldın...
- İstədim ki, ötürmə verim, ayağım sürüşdü və yerə yıxıldım. Bu, normal bir şeydir. Futbolda belə hallar qaçılmazdır.
- Ötən mövsüm "Sumqayıt"da parladın, bombardiri oldun, milliyə də cəlb olundun. Ancaq bu mövsüm qol hesabını da aça bilməmisən. Bu qeyri-sabitlik nəylə bağlıdır?
- Özüm də bilmirəm. Mövsümün əvvəlində qol vura bilmədim və əsas heyətdən kənarda qaldım. Baş məşqçi mənə yenidən şans verməyə başlayır. Milliyə gəlincə, kənarda qalmağımı normal qəbul edirəm. Bir hücumçu olaraq nə qol vururam, nə stabil oynayıram. Açığı, çox zəif çıxış edirəm. Ancaq belə şeylər məni ruhdan salmır ki, uduzduq, oyunum alınmır. Bununla təslim olası deyiləm. Özümü göstərmək üçün əlimdən gələni edəcəyəm. İnşallah, hər şey yaxşı olacaq. Qarşıda nə qədər oyunlar var. Sadəcə, çox çalışmalıyam. Yaşım elə deyil ki, deyim, futbolla qurtarmalıyam.
- Çempionluq uğrunda "Qəbələ” - "Qarabağ” rəqabətində kimi güclü sayırsan?
- Hər ikisi çox yaxşı komandadır. "Qarabağ” son illərdə çempionumuzdur. "Qəbələ” isə bu il gətirdikləri legionerlərlə çox güclənib. Hər ikisi çempionluğa layiqdir və şansları eynidir.
- Məlum olduğu kimi, "Qəbələ" Futbol Akademiyasının yetirmisən. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu mövsümdən akademiyanın yetirmələrimə çox güvənir. Futbolda birgə addımlarını atdığın həmin oyunçular arasında olmadığına görə peşmançılıq hissi keçirirsən? Hər halda, hücumçunun yaxşı oyunu komandadan, güclü yarımmüdafiə xəttindən çox şey asılıdır...
- Elədir. Komanda güclü olanda hücumçu da yaxşı görsənir, topla təmin olunur. Komanda zəif, daha çox müdafiə olunanda hücumçu kənarda qalır, oyunu görsənmir. Mən daim hücumda olan "Qəbələ", "Qarabağ" kimi klublarda çıxış etmək istərdim. Belə komandalarda hücumçunun özümü tapması daha asandır, nəinki zəiflərdə. Ancaq güclü klublara düşməyim üçün çox çalışmağım lazımdır.
- Səncə, Qriqorçuk "Qəbələ"nin yetirmən olduğunu bilir?
- Bunu mən bilə bilmərəm. Onu Qriqrçukdan soruşsanız, daha yaxşıdır.