"Mən də "Fair Play”in tərəfdarıyam. Amma "İnter"lə matçdakı epizod elə idi ki, oyundan sonra ona 6 dəfə baxdıqdan sonra vəziyyətə aydınlıq gətirə bildik. Qarşılaşma zamanı bu epizodu dəqiqləşdirmək mümkün deyildi ki, əllə oyun cərimə meydanında, yoxsa onun kənarında idi".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib. Azərbaycan Premyer Liqasının XI turunun "İnter"lə ev matçındakı (2:1) penalti epizodu ilə bağlı fikirlərini bölüşən 46 yaşlı mütəxəssis hakimin qərarının ən önəmli olduğunu söyləyib: "Meydanda baş hakim var. Oyunu idarə edən odur. Baş hakim penaltini təyin etdikdən sonra başqa bir qərar çıxarmaq düzgün olmaz. Mən elə düşünürəm. Biz öz hakimlərimizə inanırıqsa, belə də etməliyik".
"İnter"in baş məşqçisi Zaur Svanadze oyundan sonra açıqlamasında bildirib ki, "Neftçi"dən "Qarabağ"ın "Fair Play" hərəkətini təkrarlamasını gözləyib. Xatırlayırsınızsa, ötən çempionatda məhz "bankirlər"lə matçda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçusu Elvin Məmmədova penalti zərbəsini kənara vurmaq göstərişini vermişdi. Bu da baş hakimin 11 metrlik cərimə zərbəsini səhv təyin etməsi ilə bağlı idi.
Gürcü həmkarının mövqeyinə münasibətini bildirən Abdullayev meydanın nəzəriyyə yeri olmadığını söyləyib: "Yəqin ki, Svanadze təkrara baxaraq məsələnin bu yerdə olduğunu görüb. Futbolda "Fair Play”la bağlı çox belə hal olur ki, bilərəkdən qol buraxırlar, yaxud penaltini kənara vururlar. Ancaq bizim matçda mübahisəli andır. Beş nəfər deyə bilər ki, əllə oyun cərimə meydanının daxilindədir. On nəfər isə başqa şey söyləyə bilər. İndi mən durub meydançada müzakirə etməyəcəyəm ki, həmin epizodda nə olmuşdu. Bu, bir an idi. Adamlar məsələnin yaxşı tərəfini fikirləşir. Tutaq ki, mən Elxan Abdullayev Araz Abdullayevə dedim ki, topu kənara vur. Ancaq sonra baxdım epizoda və gördüm ki, doğrudan da penalti idi. Onda həmin hakimə nə deyərdim? Onun üzünə necə çıxacaqdım? Hakim penalti təyin edir, ancaq sən onun qərarını saymayaraq topu kənara vurursan. Bu nə deməkdir? Ona görə belə yanaşmanın tərəfdarı deyiləm, belə şeylərə fikir vermirəm. Bu sual mənə aid deyil. Yenə belə epizod olsaydı, futbolçuma təkrarən deyərdim ki, penaltini vur. Mən sizə səmimi sözlərini deyirəm. Hakimi də başa düşmək lazımdır, onu pis vəziyyətdə qoymaq olmaz. O, öz işi ilə məşğuldur".
"Neftçi"nin baş məşqçisi "Qarabağ"ın hərəkətinə hörmətlə yanaşsa da, onu özü üçün etalon saymır: "Bu, Elvin Məmmədovun, "Qarabağ"ın öz işidir. Mənim onlarla nə işim var? Penaltini kənara vurublar, yaxşı ediblər. Ancaq bu, mənim üçün göstərici deyil. Mən başqa cür fikirləşirəm. Qərarın yüzdəyüz səhv olduğu həmin vaxt bilinsəydi, yenə nəsə fikirləşmək olardı. Ancaq mübahisəli məsələdə penaltini bilərəkdən vurmamaq yaxşı çıxmazdı. Üstəlik, hesab 0:0 deyildi. Komandamız udurdu".
Xatırladaq ki, "Neftçi" - "İnter" matçının baş hakimi Rəvan Həmzəzadə səhv penalti qərarı ilə diqqət mərkəzinə düşüb. Qonaqların gürcü müdafiəçisi Zurab Xizanişvilinin rəqiblə mübarizədə əllə oyunu cərimə meydanından aşkar kənarda olsa da, referi penalti nöqtəsini göstərib.
Mehman SÜLEYMANOV