Cənubi Afrika Respublikasının (CAR) milli komandasının baş məşqçisi Efraim Maşaba vəzifəsindən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bununla bağlı ölkənin futbol federasiyanın mətbuat xidməti məlumat yayıb.
Rəsmi informasiyaya görə, 66 yaşlı mütəxəssisə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Seneqalla (2:1) oyundan sonra baş verən insidentə görə sanksiya tətbiq olunub. Bu da Maşabanın ölkə futbol federasiyasını tənqid etməsi ilə bağlıdır. O, qalib gəldikləri həmin matçdan sonra mətbuat konfransına 1 saat gecikib. Bundan sonra Maşaba nədənsə hirsini ölkəsinin futbol məmurlarının üzərinə tökərək onları kəskin tənqid edib. Buna dərhal reaksiya göstərən qurum baş məşqçini işindən kənarlaşdırıb və onun çıxışı "anlaşılmazlıq" adlandırılıb.
Hazırda yığmaya onun köməkçisi Ouen da Qama rəhbərlik edir. O, komandanı Mozambik yığması ilə sabahkı yoldaşlıq görüşünə hazırlayır. Maşabanın millidəki işindən nə vaxtdadək kənarlaşdırılması haqda isə məlumat verilmir. CAR 2 turdan sonra D qrupunda Burkina-Faso yığması ilə birgə liderliyi bölüşdürür.
Qeyd edək ki, "Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu məhz Maşabaya görə yığmada çıxış etmək fikrində olmadığını mətbuata açıqlayıb.