"FİFA referisi olacağım haqda ətrafdakı insanlar deyirdilər. Ancaq özüm axıradək buna inanmırdım. Bu gün AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mənə məlumatı çatdırdı. Əlbəttə ki, bu xoş xəbərə çox sevindim". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın yeni FİFA referisi Ömər Paşayev bildİrib.
2017-ci ildən ölkəmizi artıq beynəlxalq miqyasda təmsil edəcək 28 yaşlı referi məsuliyyətinin artdığını söyləyib: "Çünki FİFA referisi olmaq böyük məsuliyyətdir. Məni növbəti çətin sınaq gözləyir və bu, hənin yolda növbəti addımdır. Artıq beynəlxalq oyunlar haqda da fikirləşməliyəm. Buna görə gündə 2 dəfə məşq edirəm ki, artım daha yaxşı olsun. FİFA referisi kimi karyeramın necə olacağını bilmirəm. Ancaq indidən özümü tam olaraq hazırlaşdırıram. Gündə minimum iki dəfə məşq etməklə hər bir şeyə maksimum dərəcədə hazır olmağa çalışıram".
Paşayev 2012-ci ildən Premyer Liqada oyunları idarə etməyə başlayıb: "Təbii ki, hakimliyə başlayandan məqsədim FİFA referisi dərəcəsini almaq idi. Bundan sonrakı məqsədim ölkəmizi, Azərbaycan hakimlik məktəbini beynəlxalq miqyasda layiqincə təmsil etmək olacaq. Hər şey özümdən asılıdır. Əlbəttə, beynəlxalq matçlarda yüksək bal alsam, daha da irəliləmək imkanım olacaq".
Yeni FİFA referisi vacib olan daha bir amilə - ingilis dili baxımından probleminin olmayacağına əmindir: "UEFA-nın dil kurslarında da olmuşam. Tanınmış belçikalı hakim Franks De Bleekere müəllimim olmuşdu. Bildiyiniz kimi, Bakıya gəlmişdi. Onunla da əlaqə saxlayıram. Gələcəkdə oyunlarına gəlib baxmaq istədiyini demişdi".
Mehman SÜLEYMANOV