"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan İtaliyanın "Fiorentina" klubu erməni futbolçunu baxışa çağırıb. Sportnet.az-ın məlumatına görə, bu, Ermənistanın "Şirak" klubunun gənc futbolçusu Vagan Biçaxçyandır. Florensiya təmsilçisi 17 yaşlı yarımmüdafiəçini sınaqdan keçirəcək.
Ötən ay Moskva MOİK-ində baxışda olaraq "Anji" ilə yoldaşlıq görüşündə iştirak edən Biçaxçyan habelə Belçikada "Gent"də sınaq prosesində olub. İtalyanlar onu bəyənsə belə, futbolçu peşəkar müqavilə imzalaya bilməz. Bunun üçün Vagan gələn yayı, 18 yaşının bitməsini gözləməlidir.
Qeyd edək ki, "Qarabağ" qrupda son oyununu "Fiorentina" ilə dekabrın 8-də Bakıda keçirəcək.









































































