Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarını davam etdirir. Beşinci yazı yazı klublarımızda ən uzun müddət işləyən, milli çempionatımızda ən çox duruş gətirən legioner baş məşqçilərin ayırd edilməsidir.
Kaxaber Tsxadadzenin aşkar üstünlüyü
Təbii ki, hər bir məşqçinin, xüsusilə əcnəbilərin klublarda uzun müddət çalışmaları verdiyi nəticələrdən asılıdır. Rəhbərliyin etimadı onların şəxsi göstəricilərini, oyun sayını artırmalarına imkan yaradır. Bu baxımdan oyun sayında mütləq rekord Kaxaber Tsxadadzeyə məxsusdur. Gürcü mütəxəssis buna 2 klubda – Bakı "Standard”ı və "İnter”ində nail olub. Hərçənd, "Standard"da cəmi 1 il - 2007/08 mövsümünün ikinci, 2008/09 mövsümünün birinci dövrəsində işləyən K.Tsxadadze 26 oyun keçirib və komandası turnir cədvəlinin ortalarında yer alıb. Müqaviləsi uzadılmayan baş məşqçi 2009-cu ilin qışında vətəninə qayıdıb və Gürcüstün U-21 yığmasının "sükanı arxası”na keçib.
K.Tsxadadze elə həmin ilin yayında Azərbaycana dönüb və bu dəfə "İnter”in baş məşqçisi təyin olunub. 48 yaşlı mütəxəssis "bankirlər”i 2009-cu ilin avqustundan 2015-ci ilin mayınadək 6 mövsüm 195 matça çıxarıb. Son mövsumdə isə 1 tur qalmış gedib. Özü də Tsxadadze son illərin çempionu "Qarabağ”a, qızıl medallar uğrunda rəqibi olan həmkarı Qurban Qurbanova "İnter Arena”da 2:1 hesabı ilə qalib gələrək Azərbaycandan ayrılıb. Yeri gəlmişkən, son turda "Sumqayıt”la səfər matçında "İnter”i köməkçi məşqçi Roman Cəfərov çıxarıb və komanda 1:3 hesabı ilə uduzub. K.Tsxadadze isə yenidən vətəninə üz tutub və millinin "sükanı arxası"na keçib. Ancaq bu dəfə əsas yığmanın. Ancaq orada uzun müddət çalışmayan gürcü baş məşqçi hazırda Qazaxıstanın "Kayrat" klubuna rəhbərlik edir və debüt mövsümünü çempionatda gümüş medalçısı, ölkə kubokunun finalçısı kimi bitirib.
K.Tsxadadzedən başqa yalnız "Simurq”un sabiq baş məşqçiləri - Roman Pokora və Georgi Çixradze 100 oyunu arxada qoyublar. Onlar hərəyə 4 mövsüm keçiriblər. G.Çixradze 2011/12 mövsümündən 2014/15 mövsümünədək iş başında olub. K.Tsxadadzenin "İnter”də köməkçisi olan bu mütəxəssis Zaqatala klubunda ilk mövsümündə son 9 oyunda iş başında olub. O, sonrakı 2 movsumü bütün keçirib, sonuncuda isə onu Azərbaycana gətirən həmyerlisi kimi 1 matç qalmış gedib.
R.Pokora 2006/07 mövsümündən 2009/10 mövsümünədək hamısında "Simurq”a rəhbərlik edib və tarixində yeganı mükafatı – 2009-cu ildə bürünc medalı qazandırıb.
Bu üçlükdən başqa 9 məşqçi 50 və daha çox oyun keçirib. Onlardan türkiyəli Rasim Kara ilə makedoniyalı Qyoko Hacıyevski də 2 klubda olub. R.Kara ümumiyyətlə, 3 dəfə Azərbaycan klubunda işləyib. Bunlardan 2-si müxtəlif vaxtlarda "Xəzər Lənkəran”, 1-i "Qarabağ” olub. Q.Hacıyevski isə "Bakı” və "Simurq”a başçılıq edib.
Yalnız Roman Qriqorçuk
50 və daha çox oyun olan 12 əcnəbi mütəxəssisdən yalnız Roman Qriqorçuk hələ də postundadır. 2004-cü ilin dekabırndan "Qəbələ”nin baş məşqçisi olan 51 yaşlı ukraynalı mütəxəssis cari çempionatadək 52 oyun keçirmişdi. O, bu mövsümdə artıq 12 turda iş başında olmaqla matç sayı 64-ə çatıb. Nəticədə türkiyəli Naci Şensoyla latviyalı Aleksandr Starkovu keçən R.Qriqorçuk almaniyalı Bernhard Raabla 7-8-ci pilləni bölüşdürür. O, artıq növbəti turda "Qarabağ"la çempionluq matçından sonra 7-ci pillədə qərarlaşacaq.
12 nəfərlik siyahıda 2 gürcü, 5 ukraynalı, 2 türk mütəxəssis yer alıb. Burada latviyalı, makedoniyalı və almaniyalı baş məşqçilər də var.
Azərbaycan milli çempionatında əcnəbi baş məşqçilərin keçirdiyi oyunlar
1. |
Kaxaber Sxadadze |
221 |
|
2. Roman Pokora |
108 |
3. |
Georgi Çixradze |
108 |
4. |
Qyoko Hacıyevski |
82 |
5. |
Rasim Kara |
82 |
6. |
Valentin Xodukin |
80 |
7. |
Bernard
Raab |
64 |
8. |
Roman
Qriqorçuk |
64 |
9. |
Naci Şensoy |
61 |
10. |
Aleksandr Starkov |
51 |
11. |
Anatoli
Konkov |
50 |
12. |
İqor
Nakoneçnı |
50 |
Valentin Xodukinin özəlliyi
Qələbə sayında da K.Tsxadadze hamıdan öndədir və ən əsası, 100-u keçməyi də bacarıb. Onun hesabında 110 qələbə var. K.Tsxadadzenin ən yaxın izləyicisi də məhz "İnter”lidir. Özü də bu, 2009-cu ildə baş məşqçi postunu təhvil aldığı Valentin Xodukindir. Təcrübəli ukraynalı mütəxəssis 51 dəfə qələbə sevinci yaşayıb. Üçüncü pillədə R.Kara dayanıb. Türkiyəli mütəxəssis 3 klubda 43 dəfə meydanı qalib tərk eidb. V.Xodukinin üsütünlüyü ondadır ki, qələbə, oyun sayı bir klubda olub və bu baxımdan hamıdan üstündür. O, ölkəmizdə nəinki ilk çempion, ümumiyətlə, ilk titul qazanan əcnəbi mütəxəssis olması ilə seçilir.
Heç-heçə sayəsində ən çox xal qazanan K.Tsxadadzedir. O, 61 dəfə buna nail olub. G.Çixradze 35 bərabərliklə 2-ci, R.Pokora 32 belə göstərici ilə 3-dür.
Yalnız 7 məşqçi 100-dən çox xal yığıb. K.Tsxadadzenin komandaları – "Standard”la "İnter” ümumilikdə 390 xal toplayıb. "İnter” V.Xodukinin rəhbərliyi altında 171 xala yiyələnib. R.Pokora "Simurq”a 158 xal qazandırıb.
Zaqatala təmsilçisi G.Çixradze ilə 146 xal toplayıb. R.Kara bu qədər xalı "Xəzər Lənkəran"da (2 dəfə) və "Qarabağ"da işlədiyi vaxtda əldə edib. N.Şensoy "Turan”la 114 xal yığa bilib. Qyoko Hacıyevski "Bakı” və "Simurq”da 112 xal toplayıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib