Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ"nin qonağı olacaq Belçika "Anderlext"i Bakıya itki ilə gələcək. Sportnet.az-ın məlumatına görə, komandanın rumıniyalı futbolçusu Aleksandru Çipçiu zədələnib.
O, ölkə çempionatının 15-ci turunda "Zulte Varegem"lə (2:3) oyunun ilk hissəsinin sonlarında zədələnib və fasilədə əvəzlənib.
Tibbi müayinədən sonra hücumçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağı məlum olub. Bu halda Çipçiu Avropa Liqasının qrup mərhələsinin son turunda Fransa "Sent-Etyen"i ilə baş tutacaq görüşdə də forma geyinməyəcək. Üstəlik onun ölkə çempionatında da ən azı 3 tur buraxacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Anderlext" oyunu saat 20:00-da başlayacaq.








































































