"Neftçi"nin və "Bakı"nın moldovalı sabiq futbolçusu Vadim Boretsin Sportnet.az-a geniş müsahibəsinin ikinci hissəsini təqdim edirik. Budəfəki bölümdə daha çox Azərbaycandakı karyerası ilə bağlı məqamlara toxunulub.
"Hətta qopxulu yuxuda belə təsəvür etməzdim ki, "Bakı” olmayacaq"
- "Bakı”nın bir çox legionerlər kimi sənə də borcu var. Belə acınacaqlı vəziyyəti gözləyirdin? Səncə, klubda nə baş verdi ki, sonda dağıldı?
- Açığı, borcu yada salmıram. Sizi aldatmıram, doğru sözümdür. Tam səmimi deyirəm ki, "Bakı”ya yalnız minnətdarlıqla yanaşıram. Çünki bu klubda yaxşı günlər keçirmişəm, mənə yaxşılıqları çox olub. "Bakı”nın vəziyyətini izah etmək mənə çətindir. Ümid edirəm ki, "Bakı”, eyni zamanda "Neftçi” dirçəlib yenidən avrokuboklarda çıxış edəcək. Çünki onlar Azərbaycan futbolunun liderləri olub. "Nefçi” ümumiyyətlə, flaqmandır.
- 2010-cu ildə Avroliqada "Buduçnost”u keçsəniz də, məlum Joel Epalle olayına görə UEFA-nın cəzasına məruz qaldınız. Bəlkə bu, kluba böyük zərbə oldu və ondan sonra özünə gəlmədi?
- Belə deməzdim. Bu olaydan sonra da kluba güclü legionerlər gəldilər, yaxşı məvacibləri vardı. Açığı, "Bakı”nın artıq olmadığına indiyədək inanmıram. Bu, mənim üçün hələ də şokdur. Belə sponsoru, şəraiti, iddialı komandası olan klub artıq fəaliyyət göstərmir. Hətta qorxulu yuxuda belə təsəvvür etməzdim ki, "Bakı” olmayacaq. Əksinə, düşünürdüm ki, vəziyyət daha da yaxşılaşacaq. Axı klubun bazası, stadionu, meydançaları, futbol akademiyası vardı. Heç nə pis sonluğu göstərmirdi. Əksinə, parlaq gələcək görünürdü. Yəqin ki, kimlərsə səbəbləri bilir, ancaq mən yox.
- Sənə olan borcun məbləği böyükdür?
- Müəyyən məbləğ idi, ancaq indi maliyyədən danışmaq istəmirəm.
- Digər legionerlərin FİFA-ya şikayəti nəticəsində "Bakı”dan xallar silindi. Ancaq sən keçmiş klubuna belə zərbə vurmaq istəmədin...
- Mənim də həyatda öhdəliyim var. Ancaq "Bakı”ya qarşı heç bir incikliyim yoxdur. Başa düşürəm ki, hər bir klubda problemlər olur. Ancaq vəziyyət niyə dağılmaq səviyyəsinə gəldi, bunu anlamıram.
"Neftçi" baş məşqçi postunda Qurban Qurbanovu dəyişməməli idi"
- Sizin vaxtınızda çempionluğa oynayan "Neftçi” indi autsayderdir. Bəs buna nə izah tapırsan?
- Mən buna da inanmıram. Tunrir cədvəlinə baxaraq "Neftçi”ni 7-ci yerdə görəndə, ürəyim partlayır. Bu, necə ola bilər ki, Azərbaycan futbolunun flaqmanı belə yerdə olsun? İnanıram ki, hər iki Bakı klubu bu çətin günləri yaşayb arxada qoya biləcək. Onlar yalnız futbolun inkişafına xidmət edəcək. Çünki ikisi də yaxşı yerlərə layiqdir.
- Azərbaycanda hansı məşqçi karyeranda xüsusi iz buraxdı? Səni "Neftçi”yə gətirən Ağasəlim Mircavadov, yoxsa?
- Futbolçu olanda çox narahat idim ki, niyə baş məşqçilər belə tez-tez dəyişilir. "Neftçi” ilə "Bakı”da olduğum vaxtda bu proseslər sürətlə gedirdi. Fikrimcə, hər baş məşqçi mənə nəsə yaxşı şey verdi. Hər birindən faydalanaraq futbolçu kimi inkişaf etmək olar. Birmənalı şəkildə belədir. Qurban Qurbanovun "Neftçi”dəki baş məşqçiliyi vaxtında 10-11 oyun ardıcıl qalib gəldik. Belə bir uğuru seriyamız oldu. ”Bakı”da yaxşı məşqçilərlə işlədim. Azərbaycanda çox mütəxəssislə çalışdım və hamısı mənə faydalı oldu.
- "Bakı”da həm çempion, həm kuboku qazandın. Ancaq "Neftçi”də daha çox oynasan da, bunların heç birinə nail olmadın. Yeganə titulun "Birlik kuboku” oldu. Səbəbi nədə görürsən?
- "Neftçi” həmin vaxt "Birlik kuboku"nu qazanmağı çox istəyirdi. Çünki bundan 1 il öncə finalda uduzmuşdular, bu dəfə mütləq qalib gəlməli idilər. Azərbaycanda insanlar ölkəsini beynəlxalq miqyasda layiqincə təmsil etməyi çox istəyirlər. Ona görə də beynəlxalq turnirə böyük önəm verirlər. Üstəlik, Azərbaycanın "Birlik kuboku”nu qazanan klubu yox idi. "Neftçi” bunu ölkənin nüfuzu üçün qazanmağı çox istəyirdi.
- Belə çıxır ki, komanda "Birlik kuboku”nun qalibi olmağı Azərbaycan çempionu olmaqdan daha çox istəyirdi?
- Təbii ki, ökə çempionu olmağı da çox artzulayırdıq. Ancaq elə alındı ki, bütün emosiyalar "Birlik kuboku”nda qazanmaqla bağlı oldu. Sonra isə tez-tez baş məşqçi dəyişdilər. Ağasəlim Mircavadov gedəndən sonra Qurban Qurbamov gəldi, çempionluğa çox yaxın idik. Sonda büdrədk. Çox yaxşı vaxt idi. Gərək Qurban Qurbanov "Neftçi”də baş məşqçi kimi çox qalaydı. Onu dəyişmək lazım deyildi.
- "Qarabağ”ın Qurban Qurbanovun rəhbərliyi altında 8 ildə nə qədər böyük uğurlara nail olması buna bariz nümunədir...
- Mən də onu nəzərdən tuturdum. Qurbanov gənc, yaxşı, perspektivli, ən əsası, yerli məşqçi idi. Sadəcə, özünü göstərməsinə imkan yaratmaq lazım idi. 4-5 il şans verəndən sonra nəticə çıxartmaq lazım idi. Bu addım məntiqlidir. "Neftçi”də Qurban Qurbanovdan sonra da nə qədər baş məşqçi, heyət dəyişildi. Bu isə komandaya mənfi təsirini göstərir. Nəticə qazanmaq üçün sabit heyət olmalıdır. Bu, "Qarabağ”da olduğuna görə nəticə qazanırlar.
- Vlastimil Petrjela, Anatoli Demyanenko kimi tanınmış mütəxəssislər "Neftçi”də heç 1 il işləmədilər. Birinə dəli, digərinə içki aludəçisi adını qoyaraq göndərdilər...
- (gülür). Elə alındı ki, onlar "Neftçi”də az işləyəsi oldular. Bu isə komandaya öz təsirini göstərdi. Petrjela ilə Demyanenko öz futbolularını dəvət etmişdilər. Yeni gələn baş məşqçilər isə özləri ilə yeni oyunçular gətirdilər. Bununla da qeyri-sabitlik yaranır və son nəticədə çempionluq olmurduq.
"Blirk kuboku"nu qazandığımıza görə mükafat 10-15 min dollar olardı"
- "Neftçi”də daxili yarışlarda titul qazana bilmədiyinə görə çoxmu təəssüflənirsən?
- Təbii ki, üzüntü var. Digər tərəfdən, nədən təəssüf olasan? Həyat belədir. Belə çıxır ki, həmin vaxt başqa klublar çempionluğa layiq idi.
- Azərbaycanda qazandığın medalları saxlayırsan?
- Əlbəttə. Özü de medal kolleksiyamda bütün əyarlar - qızıl, gümüş və bürüncün hamısı var. Hətta Azərbaycan kubokunu, "Birlik kuboku”nu qazandığımı göstərən medallara da sahibəm.
- Onları nə vaxtsa auksiona qoymaq haqda düşünərsənmi?
- Medallarımı heç vaxt satmaram, buna hazırlaşmıram da. Sadəcə, məsələn, "Neftçi" muzeyini açsa, ora hədiyyə edərəm.
- Azərbaycan karyerana ən unudulmaz qol, oyun hansıdır?
- İlk növbədə "Neftçi” ilə "Birlik kuboku”nun finalı. Moskvada "Kaunas”a 4:2 hesabı ilə qalib gəldiyimiz matçda uzaq məsafədən gözəl qola imza atdım. Özü də solaxay olduğum halda sağ ayaqla. Arenaya o qədər azərbaycanlı azarkeşlər gəlmişdi...Əslində, Moskvada həmyerliləriniz çoxdur. Sadəcə, azərbaycanlılar əllərində bayraqla arenanın zalını doldurmuşdular. Belə gözəl dəstəyə malik idik, bunu çox yaxşı xatırlayıram.
- Yeri gəlmişkən, finaldakı həmin qələbəyə görə böyük məbləğdə mükafat aldığınız deyilirdi...
- Düşünmürəm ki, həmin pullar həyatın sonunadək yetərdi. Düzdür, yaxşı məbləğ idi, ancaq sonadək bəs etməzdi. Kiməsə 100 dollar uzun müddətə bəsdir, kiməsə də 1 günə. Deməzdim ki, kosmik məbləğdə mükafatlar idi. Həmin vaxt üçün adi, normal mükafat idi. Bəlkə indi "Qarabağ”da 1 oyuna olar.
- 10-15 min dollardımı?
- Təxminən elə idi. Ancaq mən həmin mükafata o vaxt Bakıda ev ala bilməzdim.
"Anderlext"ə qarşı başqa cür oynamalı idik, ona görə bizi cəzalandırdı"
- Digər hansı oyunlar yadında qalıb?
- "Bakı”da "Sumqayıt”a son dəqiqələrdə vurduğum qol yaddımdadır. "Anderlext”lə Bakıda yaxşı oynadım, qələbə topunu vurdum. Qol penaltidən olsa da, komanda əla oynadı. Həmin vaxt "Neftçi” güclü idi.
- Ancaq həmin komanda ”Anderlext”ə səfərdə 0:5 hesabı ilə uduzmuşdu. Darmadağına səbəb nə idi?
- Mənə elə gəlir ki, həmin qarşılaşmada başqa cür oynamalı idik. Heç kim tənqid etmək istəmirəm. Ancaq biz meydana hücum taktikası ilə çıxmışdıq. Yadımdadır ki, belə güclü rəqibə qarşı 3 müdafiəçi ilə çıxmışdıq. Rəqib isə 3 hücumçu ilə oynayırdı və bizi cəzalandırdı. Məncə, praqmatik oynasaydıq, daha yaxşı olardı.
- Belə demək olar ki, baş məşqçinin belə məğlubiyyət taktiki planda səhvinin nəticəsi idi?
- Elə demək istəmirəm ki, baş məşqçimiz səhv etmişdi. Sadəcə, özümüzə inam böyük idi və sonda bunun acısını çəkdik. Onda da standart vəziyyətlərdən qollar buraxdıq. Bu, Azərbaycan futbolunun yaralı yeridir. Elə milliniz də Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olduğu matçda qolların çoxunu belə vəziyyətdən buraxdı.
- "Anderlext”ə 5 qoldan 4-nü Cahangir Həsənzadə buraxdı və çox keçmədən serbiyalı Vladimir Miçoviçlə əvəzləndi...
- Mən Cahangiri günahlandırmaq istəmirəm. Onda bütün komanda pis oynadı. Buna görə də demək olmaz ki, yalnız qapıçı təqsirkardır. Məncə, Brüsseldə daha çox müdafiə futbolu oynamalı idik.
"Kaxaber Tsxadadze ilə insidentim daha çox emosiyalarla bağlı idi"
- Azərbaycanda, futbolumuzda elə bir şey varmı ki, bu, sənin üçün hələ maraqlı, təəccübləndiricidir, buna izah tapa bilmirsən?
- Gərək düşünüm.. (fikrə gedir). Maraqlı şeylər çox idi. Ümumiyyətlə, Azərbaycan karyeramda maraqlı anlar çox idi.
- Rəşad Sadıqovun komandada nüfuzu çoxmu böyük idi? Legionerlər ondan çəkinirdilər?
- Rəşad kapitan kimi böyük nüfuz, hörmət sahib idi. Bəxitm onda gətirdi ki, həm "Neftçi”, həm də "Bakı”da çox yaxşı kollektivə düşmüşəm. Ona görə yaxşı çıxış etdik. Aydın məsələdir ki, hansısa narazılıqlar olurdu. Ancaq futbolçuların hamısı meydanda bir-birini başa düşürdü, mehriban idilər. Onlar futbol oynamağı bacarırdılar, bunun ustası idilər. Məşqlərdə xoşuma gələn əsas cəhət o idi ki, futbolçular bütün güclərini qoyurdular.
- Belə fikir formalaşmışdı ki, Azərbaycana gələn legionerlər məşq prosesləri nəticəsində yerli futbolçular səviyyəsinə düşürlər...
- Məndə sabitlik olubsa, kənardan daha yaxşı görünür. Məşqdə heç kim uduzmaq istəmirdi. İndiki gəncləri görürəm ki, məşqdə mübarizədə məğlub olanda uduzanda buna ciddi önəm vermirlər. Ancaq biz "Neftçi”də məşqdə uduzanda əsəbiləşdirdik. Ümumiyyətlə, mən emisoional futbolçu olmamışam. Rəhbərliklə münasibətlərdə problemim olmayıb. Elə meydanda da.
- Bir dəfə olmuşdu...
- Hə, "Bakı"da oynayanda "İnter"in gürcü baş məşqçisi Kaxaber Tsxadadze ilə. Bu, daha çox meydandakı emosiyaları, oyundakı gərginliyin nəticəsi idi. Üstündən uzun müddət keçib, vəziyyəti təhlil edəndə belə qənaətə gəlirəm. Üstəlik, "İnter"lə "Bakı" prinsipial rəqiblər idi. Hər iki komandaya qələbə vacib idi. Mən də gənc, çılğın idim. Bir də ki futbol emosiyasız olur. Nəticə qazanmaq istəyrisənsə, bunu meydanda göstərməlisən.
"Hafiz və Zeynal Məmmədovlara zəng vuraraq əlavə yük olmaq istəmədim"
- Azərbaycanda klub rəhbərləri olub ki, baş məşqçinin işinə qarışıblar. Bu, nəticəyə təsir göstərirdi?
- Mən belə deməzdim ki, rəhbərlər baş məşqçinin işinə müdaxilə edirdilər. Hər halda, mən buna fikir verməmişəm. Açığı, klub rəhbərləri ilə bağlı yalnız pozitiv anları, komandaya kömək etdiklərini görmüşəm.
- "Bakı”nın rəhbərliyində çılğın insanlar, "Neftçi”də vitse-prezident Ramin Musayev olub. Azərbaycanda belə maraqlı futbol funksionerləri ilə işləmisən. Əslində, Moldovada da beləsi var. Məsələn, "Daçiya”nın sabiq prezidenti Adlan Şişxanov "Kəpəz”lə Avroliqa oyunlarında "texniki zona”da özü baş məqşçilik edirdi...
– Mən Moldovada "Zimbru”nun yetirməsi olmuşam. Bizə həmişə öyrədirdilər ki, daim qalib gəlmək lazımır. Onlar də peşəkar futbol adamları kimi həmişə qələbə qazanmaq istəyirdilər. Bu da komandanın mübarizliyinə təsir göstərirdi. Mənfi yox, müsbət planda. Emosional şəkildə komandanı "işə salırdılar” və bunun müqabilində nəticə tələb edirdilər. Bu, futbolçular üçün stimul olurdu. Pis odur ki, rəhbərlik komandaya biganə olsun.
- Bilirəm ki, Ramin Musayev xətrini çox istəyirdi. O, futbolçularla həmişə dost, böyük qardaş olub. Ramin müəllimlə əlaqən varmı?
- Ara-sıra olur. Ad günündə əlaəq saxlayıb təbrik edirəm. Musayev haqda yalnız xoş sözlər deyə bilərəm. Nə söz verirdisə, hamısını yerinə yetirirdi. Maddi planda nəyə razılaşdırdıqsa, yüz faiz həll edirdi. Ona görə də onun kimi insanlarla, Rövnəq Abdullayev, Hafiz və Zeynal Məmmədovlarla bağlı məndə yalnız xoş xatirə qalıb. "Bakı”da sonda baş verənlər Məmmədov qardaşlarına münasibətimi dəyişdirməyib. Həyatda belə problemlər olur. Bunu qəbul edib irəliyə baxmaq lazımdır.
- Hafiz Məmmədovla əlaqə yaratmısanmı?
- Onunla əlaqəm yoxdur.
- Bəs Zeynal Məmmədovla?
- Ona da zəng vurmamışam. Yaxşı çıxmazdı. Onsuz da problemləri çox idi. Üstəlik, mən də əlavə yük olum... Yox, bunu istəmədim.
Mehman SÜLEYMANOV