Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını davam etdirir. Dördüncü yazı "Yoldaşlıq görüşləri: Gəncədən San-Fransiskoyadək" mövzusundadır.
Yoldaşlıq görüşü ilə başlayan tarix
Millimizin 25 il ərzində keçirdiyi 227 oyunun (42 qələbə, 62 heç-heçə, 123 məğlubiyyət, topların fərqi 160-384) yarıdan çoxu qeyri-rəsmi xarakterlidir. Bunlara yoldaşlıq görüşləri, beynəlxalq turnirlərdə keçirdiyimiz matçlar daxildir. Həmin oyunların sayı seçmə mərhələdən bir az çoxdur – 115. Bu matçlarda qələbəmiz yubiley saydadır - 30. Yığmamızın hesabında 39 heç-heçə, 46 məğlubiyyət var (topların fərqi 103-148). Millimiz seçmə mərhələlərdə isə 112 matça çıxıb. Bu zaman qazanılan qələbələrin sayı yoldaşlıq görüşlərindən az qala 3 dəfə azdır - 12. Rəsmi oyunlarda 23 dəfə heç-heçə edən yığmamız 77 məğlubiyyət alıb, rəqib qapılarından 57 top keçirib, 236 qol buraxıb.
Milli komandamızın tarixi məhz yoldaşlıq görüşü ilə başlayıb. Bu, 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığmasına Gürcaani şəhərində 3:6 hesabı ilə uduzduğumuz matçdır. Millimizin vətəndə keçirdiyi ilk qarşılaşma da bu rəqiblə qeyri-rəsmi xarakter daşıyıb və bu, tarixində 2-ci oyundur. 1993-cü il mayın 25-də Gəncədə keçirilmiş həmin matçda gürcülərə 1:0 hesabı ilə qalib gəlmişik. Millimizin oyununda ilk avtoqol da onda qeydə alınıb. Bunun müəllifi 35-ci dəqiqədə topu öz qapısına göndərən rəqib müdafiəçi Nuqzar Lobjanidze olub.
Müxtəlif beynəlxalq turnirlər, müxtəlif nəticələr
Millimiz 1994-cü ilin sentyabrın 7-də debüt etdiyi seçmə mərhələyədək ümumilikdə 7 qeyri-rəsmi matça çıxıb. Qalan 5 oyundan 3-ü 1993-cü ilin iyunun ilk 10 günlüyündə İranın paytaxtı Tehranda ECO beynəlxalq turnirinə təsadüf edib. Ələkbər Məmmədovun baş məşqçisi olduğu yığmamız üçün Orta Asiya təmsilçiləri ilə keçirdiyi 3 sınaq uğurlu olub. Tacikistan (2:0) və Qırğızıstana (3:2) qalib gələn futbolçularımız Qazaxıstanla məhsuldar bərabərlik (3:3) edib.
Yığmamız 2000-ci ilin fevralın ilk 10 günlüyündə də beynəlxalq turnirdə çıxış edib. Maltanın Ta Qali şəhərində meydan sahiblərinin də iştirak etdiyi yarışda digər rəqiblərimiz Albaniya və Andorra idi. Qeyri-rəsmi oyunlarda ilk ən ağır məğlubiyyəti onda maltalılardan almışıq - 0:5. Albaniyaya 0:1 hesabı ilə məğlub olan Əsgər Abdullayevin baş məşqçisi olduğu komandamız Andorra ilə qolsuz bərabərlik edib. Göründüyü kimi, bu turnirdə nəinki qələbə qazanmamış, qol da vura bilməmişik.
Millimiz Şahin Diniyevin baş məşqçisi olduğu vaxtda - 2007-ci ilin 7 - 11 martında isə Qazaxıstanın Çimkənd şəhərində "Alma TV Kuboku"nda iştirak edib. Bu dəfə də rəqiblər Orta Asiya təmsilçiləri olub. Özbəkistanla Qırğızıstana 1:0 hesabı ilə qalib gələn millilərimiz meydan sahiblərinə həmin hesabla uduzub.
Əsas yığmamız 2009-cu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində də beynəlxalq turnirdə qüvvəsini sınayıb. İraq yığmasına 0:1 hesabı ilə uduzan Berti Foqtsun baş məşqçisi olduğu komandamız 3-cü yer uğrunda oyunda Çexiya millisinə gözlənilmədən qalib gəlib - 2:0.
Uzaq səfərlər, qolsuz qayıdışlar
Azərbaycan millisinin Berti Foqtsun baş məşqçiliyi dövründə Dubayda və Avstriyada təlim-məşq toplanışında ardıcıl yoldaşlıq görüşləri keçirmə praktikası olub. Birləşmiş Ərəb Əmirliklərinə səfər fevralda, Avropaya mayın sonu - iyunun əvvəlində olub.
Millimiz seçmə mərhələ və qeyri-rəsmi oyunları nəzərə alsaq, ümumilikdə 67 rəqiblə üzləşib. Ən sonuncusu cari seçmə mərhələdə səfərdə 1:0 hesabı ilə məğlub etdiyimiz San-Marino yığmasıdır. Yoldaşlıq görüşlərində ən son yeni rəqib Kanada millisidir. Yığmamız hazırkı baş məqşçisi Robert Prosineçkinin rəhbərliyi altında Avstriyada keçirilmiş bu matçda 1:1 hesablı bərabərlik edib.
Kanadadan söz düşmüşkən, millimiz Amerika qitəsinin təmsilçiləri ilə 4 dəfə görüşüb. Bunlar Kanada ilə yanaşı, ABŞ, Trinidad və Tobaqo, eləcə də Honduras yığmalarıdır. Düzdür, kanadalılar kimi Hondurasla matç da Avstriyada təlim-məşq toplanışında olub və heç-heçə ilə nəticələnib. Sadəcə, B.Foqtsun komandası qolsuz heç-heçə edib. ABŞ-la Trinidad və Tobaqo yığmasına qarşı oyunlar üçünsə Okeanın o tayına səfər etməli olmuşuq.
Millimiz trinidadlılarla ilk əcnəbi baş məşqçisi braziliyalı Karlos Alberto Torres olan zamanı ardıcıl 2 yoldaşlıq görüşü keçirib. Bunlar 2005-ci ilin yanvarın 21-də və 23-də keçirilən matçlardır. Hər 2 oyunda məğlub olmuşuq - 0:1 və 0:2. ABŞ-la matç üçünsə San-Fransisko şəhərinədək yol qət etməli olmuşuq. B.Foqts keçmiş tələbəsi, 1996-cı ildə Almaniya yığmasında rəhbərliyi altında Avropa çempionu olduğu məşhur hücumçu Yurgen Klinsmannla əlaqələrindən istifadə edərək bu oyunu təşkil etdi. Bu, 2014-cü ilin mayın 28-də, Azərbaycan üçün əlamətdar gündə - dövlət bayramı günündə baş tutdu və amerikalıların 2:0 hesablı qələbəsi ilə nəticələndi. Yeri gəlmişkən, bu matçdan sonra ABŞ yığması ilə Braziliyadakı dünya çempionatına yollanan Foqts AFFA-nın razılığı ilə həmin mundualda onların məsləhətçisi oldu. Almaniyalı mütəxəssis 2015-ci ilin oktyabrında millimizdən istefa verərək birdəfəlik ayrıldıqdan sonra amerikalılarla həmin əməkdaşlığını davam etdirdi.
Ağır məğlubiyyətlərdən sonra qovulmalar
Yığmamızın bu qitənin təmsilçiləri olan Cənubi Amerika yığmaları ilə yolları kəsişməyib. Eyni sözlər Afrika millilərinə də aiddir. "Qara qitə"yə nə səfər etmişik, nə də onlarla hardasa görüşmüşük. Təbii ki, bu, Avstraliya qitəsinə - Avstraliya, Yeni Zelandiyaya da aiddir. Əvəzində təkcə Avropa yox, Asiya yığmaları ilə yoldaşlıq görüşlərində çox üzləşmişik. Aydın məsələdir ki, Azərbaycan UEFA-ya üzv olduğundan Avropa seçmə zonasında çıxış edir. Bu isə avroplalılardan fərqli olaraq asiyalılarla yalnız qeyri-rəsmi oyunlarda üzləşə bilməyimiz deməkdir.
Millimizin yoldaşlıq görüşlərində ən ağır məğlubiyyəti 0:6 hesabı ilə olub. Özü də bu, 2 dəfə - K.A.Torres və Ş.Diniyevin vaxtında səfər qarşılaşmalarında qeydə alınıb. Braziliyalı mütəxəssis elə debüt matçında - 2004-cü ilin fevralın 18-də Ramat Qan şəhərində İsrail yığmasına həmin hesabla uduzub. Bundan 2 il sonra - 2006-cı ilin avqustun 15-də Diniyevli yığmamız Kiyevdə Ukraynaya 0:6 hesabı ilə yenilib. Hər iki baş məşqçi bu ağır məğlubiyyətlərdən sonra millinin heyətində köklü islahatlar apararaq bir sıra təcrübəli futbolçuları çıxarıb. Məsələn, K.A.Torres kapitan, müdafiəçi Tərlan Əhmədovla yarımmüdafiəçi Emin İmaməliyevi, Ş.Diniyev sonrakı kapitan, müdafiəçi Rəşad Sadıqovla yarımmüdafiəçi Zaur Tağızadəni millidən uzun müddət kənarda qoyub.
Yığmamızın yoldaşlıq görüşlərində böyükhesablı qələbələri də olub. Bunlar bir qayda olaraq 3:0 hesabı ilə əldə edilib. Rəqiblər Avropadan "cırtdanlar" - Farer adaları ilə Malta, Asiyadan Türkmənistan, Hindistan və Bəhreyn olub. Türkmənistan, Bəhreyn və Maltanı Bakıda - müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu, "Bakcell Arena" və İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionunda məğlub etmişik. Farer adaları ilə Hindistan üzərində qələbələrimiz isə müvafiq olaraq Kipr və Dubay təlim-məşq toplanışlarında reallaşıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib