Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını davam etdirir. Yeddinci yazı "Rəşad
Sadıqovun tək olduğu "100-lər siyahısı: Davamçılar olacaqmı?" mövzusundadır.
19 yaş 113 günlüyündə debüt
Azərbaycan milli komandasında 25 illik tarixində keçirdiyi 227 oyunda 218 futbolçu çıxış edib. Onlardan sonuncu debütant Deniz Yılmazdır. "Bursaspor"un hücumçusu millimizin son oyununda - ötən ilin noyabrın 11-də Şimali İrlandiya yığmasına Belfastda 0:4 hesabı ilə rəsmi matçda iştirak edib. Fasilədən dərhal sonra Ramil Şeydayevin yerinə meydana daxil olan D.Yılmaz yığmamızdakı milliləşdirilən legionerlərin sayını 46-ya çatdırıb. O, bir sıra həmyerləliləri kimi millimizi seçən türkiyəli futbolçudur.
Bu 218 futbolçu arasında oyun sayında aşkar lider Rəşad Sadıqovdur. "Qarabağ”ın 35 yaşlı müdafiəçisi kapitanı olduğu millimizdəki 15 illik karyerası ərzində 105 matç keçirib.
R.Sadıqov millinin tarixində 74-cü matçda - 2001-ci ildə oktyabrın 7-də İsveç yığması ilə Stokholmda keçirilən qarşılaşmada debüt edib. Həmin vaxt 19 yaş 113 günlük olan futbolçunun yığma karyerası 0:3 hesablı məğlubiyyətlə başlayıb və bu, DÇ-2002-nin seçmə mərhələsinin son oyunu idi. Onda baş məşqçimiz olan İqor Ponomaryov U-21-dən cəlb etdiyi bir neçə gəncə, o cümlədən R.Sadıqova şans verib və millinin qapılarını gələcək kapitanının, liderinin, rekordçusunun üzünə açıb.
14 baş məşqçidən 11-i ilə işləyən "14 nömrə"
Tale elə gətirir ki, bu, Ponomaryovun millidə son oyun olub və bu üzdən R.Sadıqov ilk və sonuncu dəfə onun rəhbərliyi altında yığmada forma geyinib. Ümumiyyətlə isə müdafiəçi millidə 11 baş məşqçinin vaxtında çıxış edib. Təbii ki, o, bu postda ən uzun müddət çalışan mütəxəssisin – almaniyalı Berti Foqtsun vaxtında millidə oynayıb – 51 dəfə. Braziliyalı Karlos Alberto Torres 15, Vaqif Sadıqov və Robert Prosineçki, 11, Əsgər Abdullayev 7, Şahin Diniyev 3, makedoniyalı Qyoko Hacıyevski və Kazbek Tuayev 2 görüşdə müdafiəçini meydana buraxıb. Nazim Süleymanovla Mahmud Qurbanov bu postdakı yeganə qarşılaşmalarında futbolçuya güvəniblər.
Məlum olduğu kimi, milli komandamızın tarixində 14 baş məşqçi olub. Uzun illərdir "14 nömrə"ni daşıyan futbolçu artıq dünyalarını dəyişən Əhməd Ələsgərovla Ələkbər Məmmədov, habelə bu il 70 illik yubileyini qeyd edəcək Ağasəlim Mircavadovun rəhbərliyi altında millidə oynamayıb.
R.Sadıqov yığmamızın 18 qələbəsində pay sahibi, 30 heç-heçəsində əməyi olub və 57 məğlubiyyət görüb. Bu qarşılaşmalarda komandamız 81 qol vurub, 181-ni buraxıb. Müdafiəçi 105 oyundan 98-də start heyətində yer alıb. Bunların 72-də komandanın kapitanı olub. Ümumilikdə 8748 dəqiqə meydanda olan kapitan 4 qol vurub, 3 avtoqola üzülüb. 15 vərəqə alan Sadıqov 1 dəfə meydandan kənarlaşdırılıb.
R.Sadıqov dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 54 dəfə start heyətində olmaqla 55 matç keçirib. Bunların 45-da kapitan olub. 4884 dəqiqədə 2 qol vuran arxa xətt oyunçusu 8 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Dünya çempionatının seçmə mərhələsində 26 oyuna çıxan Sadıqov bu matçların hamısına start heyətdə başlayıb, 21 dəfə kapitan olub. 2340 dəqiqə mübarizə aparan futbolçumuz 1 qol vurub, 4 xəbərdarlıq alıb.
Yubilyar qitə birinciliyinin seçmə mərhələlərində isə 29 matçın iştirakçısı olub. 28 dəfə start heyətində, 22 dəfə kapitan sarğısı ilə qarşılaşmaya başlayan müdafiəçi 2544 dəqiqə forma geyinib. O, 1 qol vurub, 4 sarı vərəqə görüb.
R.Sadıqov yığmamızın son 153 oyunundan 105-də çıxış edib. Bu müddətdə 48 matçda iştirak etməyən müdafiəçi 2006-07-ci illərdə ardıcıl 17 qarşılaşmanı buraxmalı olub. Bu da 2006-cı ilin avqustun 15-də Ukraynaya Kiyevdə 0:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündən sonra baş məşqçi Şahin Diniyev tərəfindən millidən kənarlaşdırılması ilə bağlıdır. Buna görə R.Sadıqov 100-cü oyununu xeyli əvvəl keçirmək şansından mərhum olub.
Bakı Olimpiya Stadionunda ilk matçda 100-cü oyun yubileyi
100-cü oyundan söz düşmüşkən, bu, AVRO-2016-nın seçmə mərhələsində 2015-cı ilin oktyabrın 11-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - İtaliya oyununa təsadüf edib. Bu matç həmin arenada ilk futbol qarşılaşması kimi tarixə düşüb. R.Sadıqovun millinin heyətində 100-cü oyununu keçirməsi ilə bağlı əlamətdar olay münasibətilə matçdan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev və UEFA-nın baş katibinin müavini Teodor Teodoridis yubilyara, müvafiq olaraq, AFFA-nın və UEFA-nın hədiyyəsini təqdim ediblər.
Bundan əlavə, Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının ilk oyununun keçirilməsi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevə Teodor Teodoridis tərəfindən UEFA-nın hədiyyəsi olaraq 5 nömrəli futbolka təqdim olunub. Futbolkanın nömrəsi UEFA-nın üzvü olan ölkələrin siyahısında Azərbaycanın əlifba sırasında 5-ci yerdə olması ilə bağlıdır.
Həm qollar vurmaq, həm də avtoqollar etmək
Müdafiəçi milidəki qol hesabını 2004-cü il aprelin 28-də Qazaxıstanla Almatıdakı yoxlama oyununda (3:2) açıb. Həmin il sentyabrın 4-də Uelslə DÇ-2006-nın (1:1) da fərqlənən futbolçumuz 2006-cı il aprelin 12-də Türkiyə ilə yoldaşlıq oyununda (1:1) penaltidən qola sevinib. 2010-cu il oktyabrın 12-də isə "ay-ulduzlular”la AVRO-2012-nin görüşündə qonşularımızı məyus edib. Bu 3 oyun Tofiq Bəhramov adına Respublika stadionunda olub.
2010-cu il mayın 29-da Makedoniya ilə Avstriyada yoxlama (1:3), sentyabrın 7-də isə Almaniya ilə Kölndəki AVRO-2012-nin qarşılaşması (1:6) R.Sadıqov üçün uğursuz alınıb. Bu da onun avtoqol müəllifi olması ilə əlaqədardır. Ötən il oktyabrın 13-də isə Xorvatiya ilə AVRO-2016-nın matçında (0:6) da kapitan qapıları səhv salıb.
R.Sadıqovun hesabında penaltidən 1 qol vurmaqla yanaşı, 1 dəfə dəqiq istifadə edə bilməyib. Bu, 2012-ci il avqustun 5-də Bəhreynlə Bakıdakı matçdır (3:0). 2009-cu il iyunun 2-də Türkiyə ilə yoxlama oyununda (0:2) millimizin kapitanı qırmızı vərəqə ilə cəzalanıb.
Təcrübəli futbolçu millidə 6 klubu təmsil edib. Yığmada "Neftçi”nin üzvü kimi debüt edən R.Sadıqov 37 dəfə paytaxt təmsilçisinin, 47 dəfə hazırda şərəfini qoruduğu "Qarabağ”ın oyunçusu kimi millidə forma geyinib. 4 xarici klubla da bu həyəcanı yaşayan müdafiəçi "Fulad”ı (İran) 8, "Kayserispor”u 6, "Kocaelispor”u 4, "Əskişəhərspor”u 3 (hamısı Türkiyə) matçda təmsil edib.
Bütün ümidlər yalnız Kamran Ağayevədir
R.Sadıqovun oyun sayında izləyicilərindən çoxu ümumiyyətlə, karyeraları bitirib. Bunlardan müdafiəçinin ən yaxın izləyicisi millidə kapitanlığı təhvil aldığı, "Qarabağ"da da komanda yoldaşı olmuş Aslan Kərimovdur. 44 yaşlı keçmiş müdafiəçi uzun illər millidə oyun sayında lider idi. A.Kərimov yığma karyerasını B.Foqtsun gəlişi ərəfəsində - 7 il öncə bitirdi ki, R.Sadıqov bundan sonra onu keçməyə müvəffəq oldu.
Oyun sayında A.Kərimovdan sonra gələn Mahir Şükürovun bir ara futbolçu karyerasında böyük fasilə olsa da, sonradan bərpa etdi. Bu, cari mövsümdə "Neftçi"yə qayıdışı ilə reallaşdı. Ancaq artıq 36 yaşı olan, klubunda ehtiyatda qalan müdafiəçinin milliyə dönəcəyi heç inandırıcı görünmür.
Mahmud Qurbanov, Tərlan Əhmədov, Qurban Qurbanov və Emin Ağayev isə xeyli müddətdir futbolçu karyeralarını bitirərək məşqçiliklə məşğuldurlar.
İlk "10-luğ"da son yerdə olanlar - Kamran Ağayev, Vüqar Nadirov və Vaqif Cavadov indi də oynayırlar. Sadəcə, V.Cavadovla V.Nadirov uğursuz klub karyeralarına görə daha milliyə çağırılmırlar. K.Ağayevin isə uzun illərdir millinin əsas qapıçısı olduğunu nəzərə alsaq, oyun sayını artırmaq şansı çoxdur. O, R.Sadıqovdan 4 yaş kiçik olsa da, aralarındakı oyun sayında fərq böyükdür – 41. Gəlin razılaşaq ki, bunu aradan qaldırmaq real görünmür. Yenə R.Sadıqov artıq mili karyerasını bitirsəydi, buna az da olsa ümid vardı. Ancaq 35 yaşlı müdafiəçinin ən azı carı seçmə mərhələnin sonunadək millidə çıxışı nəzərdə tutulub.
K.Ağayev isə ən yaxşı halda ilk "100-liy"ə düşə bilər və hazırda buna ən real namizəd məhz odur. Bunun üçün milli hər il ən azı 10 oyun keçirməli və qapıçı daha 4 il oynamalıdır. Həmin vaxt K.Ağayevin 35 yaşı olacaq ki, bu, qapıçı üçün elə də çox sayılmır.
K.Ağayevdən 3 yaş kiçik olan, uzun illər "Xəzər Lənkəran”da birgə oynadığı Rahid Əmirquliyev də 50-ni keçib. Ancaq bu, yenicə baş verib - 52 oyun 3 qol. R.Prosineçkinin vaxtında mütəmadi dəvət olunan futbolçulardan başqa heç biri ilk "50-liy"i keçməyib. Bunlardan ən çox oyun Ruslan Abışovdadır - 49. Göründüyü kimi, 30 yaşlı futbolçu yubiley matçını gözləyir.
Azərbaycan milli komandasında ən çox oyun keçirən 10 futbolçu
Futbolçu |
Dövr |
Oyun sayı |
Qollar |
1 |
Rəşad Sadıqov
|
2001–h.h. |
105 |
4 |
2 |
Aslam Kərimov |
1994–2008 |
80 |
1 |
3 |
Mahir Şükürov |
2004–2015 |
76 |
4 |
4 |
Mahmud Qurbanov |
1994–2008 |
75 |
1 |
5 |
Tərlan Əhmədov |
1992–2005 |
74 |
0 |
6 |
Qurban Qurbanov |
1992–2005 |
68 |
14 |
7 |
Emin Ağayev |
1992–2005 |
65 |
1 |
8 |
Kamran Ağayev
|
2008–h.h. |
64 |
0 |
9 |
Vüqar Nadirov
|
2004–h.h. |
61 |
4 |
10 |
Vaqif Cavadov
|
2006–h.h. |
58 |
9 |
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media
Komitəsi tərəfindən maliyyələşdirilib