1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçkinin "23-lüy"ü: Siyahıda fasilədən sonra oynamayan da var
Milli komandamızın bu il üçün ilk heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçikin martın 9-da Qətər yığması ilə yoldaşlıq görüşünə açıqladığı 23 nəfərlik heyətlə bağlı diqqətiçəkən məqamlar var.
Əvvəla, 4 futbolçu ilk dəfə dəvət olunub. Bunlar Şahrudin Maqomedaliyev, müdafiəçilər Tellur Mütəllimovla Abbas Hüseynov və yarımmüdafiəçi Riçard Almeydadır. Əslində, debütant 5 futbolçu sayılmalıdır. Çünki hücumçu Mahir Mədətov da millidə oynamayıb. Sadəcə, xorvatiyalı mütəxəssis onu cari seçmə mərhələdə ilk oyunumuz olan San Marino yığması ilə səfər matçına çağırdığından birinci dəfə dəfə dəvət alan sayılmır.
Sözsüz ki, ilk çağırışçılar arasında ən maraqlı persona Riçard Almeydadır. "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündə Azərbaycan yığmasında oynamağa razılıq verəndən sonra milliləşdirilmə məsələsi üzrə hüquqi işlərə başlanılıb. Ancaq yoldaşlıq görüşü qeyri-rəsmi matç olduğundan, burada sənədləşmə vacib deyil və Prosineçki Almeydanı öz komandasında iş başında görmə fürsətini əldən verməyib. Riçardın artıq bu ayın 26-da keçiriləcək rəsmi oyun – Almaniya ilə yox, növbəti ev matçımız olan Şimali İrlandiya yığması ilə iyundakı qarşılamayadək tam milliləşdiriləcəyini gözləmək olar.
Maqomedaliyev, Hüseynov və Mütəllimov vaxtilə U-21-ə cəlb olunan gənc futbolçulardır. Bunlardan Tellur qış fasiləsindən sonra "Qəbələ”nin əsas heyətinin daimi üzvüdür. 22 yaşlı futbolçu sağ cinah müdafiəçisi mövqeyində inamlı təsir bağışlayır. O, yetirməsi olduğu "Qəbələ” Futbol Akademiyasının komandalarında cinah yarımmüdafiəçisi kimi oynayıb. Mütəllimov sağ cinah müdafiəçisi kimisə hələ ötən mövsüm icarədə olduğu "Zirə”də çıxış edib.
Abbas isə "İnter”in yetirməsidir və əsas heyətdə az oynamır. Mütəllimovla həmyaşııd olan Hüseynov müdafiənin, yarımmüdafiənin cinahlarında oynamaq bacarığına malikdir. Şahrudin isə "Qarabağ”ın qapıçısı İbrahim Şehiçin əvəzləyicisidir. O, qış fasiləsindən sonra yalnız ilk turda "Neftçi” ilə oyunda qapıda durub. Maqomedaliyev uzun müddət U-21-in əsas qapıçısı olsa da, klubunda oyun praktikası sarıdan əziyyət çəkir. Əvəzində Maksim Vaylo "Neftçi”də, David Kərimi isə "Kəpəz”də son turlarda əcnəbi qapıçıları ehtiyatda oturdublar. Düzdür, Vaylo "İnter”lə matçda buraxdığı qolda kobud səhvə yol versə də, sonradan qapısını toxunulmaz saxlayır. Görünür, Prosineçki Kəriminin artıq 33 yaşı olduğunu nəzərə alaraq ona dəvət göndərməyib.
Əlbəttə, Cavid Hüseynovun həbsdən buraxıldıqdan sonra ilk dəfə yığmaya çağırılması da diqqət çəkməyə bilməz. Onu Prosineçkinin sevimli futbolçularından saymaq olar. Təsadüfi deyil ki, xorvatiyalı mütəxəssisin millimizdə baş məşqçi olduğu ilk oyunda birinci qolun müəllifi məhz Cavid olub. Hüseynov 15 ay futboldan uzaq qalsa da, tez bir zamanda formaya düşərək milliyə qaytarılmağa layiq olduğunu sübut edib. Bununla da 29 yaşlı yarımmüdafiəçi 2 ilə yaxın fasilədən sonra milliyə dönüb. Cavid sonuncu dəfə ötən ilin iyununda Norveç yığması ilə səfərdə qolsuz bərabərliyə qaldığımız matçda yığmanın şərəfini qoruyub.
Onun komanda yoldaşı Ürfan Abbasov isə millidə cəmi 1 oyun keçirib. Bu, 2015-ci ilin noyabrında Moldova yığmasına Bakı Olimpiya Stadionunda 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşüdür. Ürfan qış fasiləsindən sonra inamlı çıxışı ilə millinin məşqçilərinin diqqətini çəkib.
Prosineçki milliləşdirilən dağıstanlı müdafiəçilər – Bədavi Hüseynov, Arif Daşdəmrov və Məhəmməd Mirzəbəyova güvənməkdə davam edir Təbii ki, Bədavi "Qarabağ”ın əsas müdafiəçilərindən biri kimi bunu haqq edir. Zədəli Rəşad Sadıqovun yoxluğunda arxa xətdə ağırlıq onun üzərinə düşür. Ancaq Hüseynovun komanda yoldaşı Daşdəmirov qış fasiləsindən sonra 1 dəqiqə belə meydanda olmadığını qeyd etməliyik. Məlum olduğu kimi, Arif müdafiənin hər iki cinahında oynaya bilsə də, Prosineçki onu solda oynadır. "Qarabağ"da bu mövqenin daimi oyunçusu Albaniya milli komandasının kapitanı Ansi Aqollidir. Rəşadın yoxluğunda Maksim Medvedev müdafiənin sağ cinahından mərkəzə çəkilsə də, baş məşqçi Qurban Qurbanov boş qalan mövqedə Daşdəmirovu yox, İlqar Qurbanovu oynadır.
Mirzəbəyov isə "Qəbələ”də qış fasiləsindən daim meydana çıxmır. Onun çıxış etdiyi müdafənin sağ cinahında Tellur oynadığından, Məhəmməd ona dogma olmayan müdafiənin solunda məcburiyyətdən yer alır.
Prosineçinin haqıqda yüksək fikirdə olduğu futbolçulardan Əfran İsmayılovun siyahıda olmaması da diqqət çəkir. Görünür, təcrübəli cinah yarımmüdafiəçinin şəxsi problemlərinin olması öz sözünü deyib. Hər halda, Əfran buna görə İstanbula yollandığından "Qarabağ"ın son turdakı matçını buraxmalı olub.
Onu da bildirək ki, xorvatiyalı mütəxəssis ölkədən kənarda çıxış edən futbolçularımızı yoldaşlıq görüşünə çağırmayacağını əvvəldən bildirdiyindən, onların siyahıda olmayacağı gözlənilən idi.