Bakı "İnter"inin kapitanı Nizami Hacıyev evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın oyunda olan əməkdaşı həmin müsahibəni təqdim edir...
- Əvəzlənməyin nə ilə bağlı idi: Zədən vardı, yoxsa?
- Yox. Sadəcə, oyunum bir az alınmadı. Gecə özümü narahat hiss edirdim. Narahat yatmışam.
- Bəlkə pulla bağlı problemdir?
- Yox. Bu oyunda pul-zad yada düşmür.
- Oyuna aqressiv başlamağın Robert Prosineçkinin səni milliyyə çağırmaması ilə bağlı idi?
- Yox. Onsuz da Prosineçkinin kitabı bağlıdır. Sadəcə, hamımız qələbə istəyirdik. Bu gün qalib gəlsəydik, hər şey başqa cür olacaqdı, vəziyyətimiz yaxşılaşacaqdı. Amma "Qəbələ" güclü rəqiblərdən biridir.
- "İnter"i arxasınca daşıyan aparıcı futbolçulardan birinin əvəzlənməyini necə qiymətləndirərdin?
- Mən baş məşçqçinin işinə qarışa bilmərəm. Ola bilər, oyunum kənardan baş məşqçini qane eləmədi. Buna görə məni dəyişdi. Bu da normaldır.
- Birbaşa paltardəyişmə otağına yollanmağın etiraz kimi qəbul oluna bilərmi?
- Yox. Sadəcə, soyuq idi. Gəlib paltarımı dəyişdim. Heç bir etirazdan söhbət gedə bilməz.
- Hiss olunurdu ki, komandanız 55-ci dəqiqədən sonra 1 xala oynayırdı...
- Əksinə, deyərim ki, çempionluğa oynayırdıq. "İnter" tarixində heç vaxt 55-ci dəqiqədə 2 əvəzləmə etməmişdi. Yadıma gəlmir ki, əvvəl belə olsun. Baş məşqçi 5 əvəzləmə edə bilər, bunun kimə nə dəxli var?
- Səfərdə "Qarabağ"a qalib gəldiniz, evdə "Qəbələ"yə uduzdunuz...
- Deməzdim ki, "Qəbələ" "Qarabağ"dan güclüdür. Ancaq bu gün "Qəbələ" bizdən güclüdür.
- Demək olarmı ki, səhvlərə görə uduzdunuz? Qolda qapıçınız Səlahət Ağayevin də səhvi vardı...
- Futboldur da. Səhvsiz futbolçu olmur ki... Bu gün "Qəbələ" kitabını bağlayıb növbəti oyuna hazırlaşmalıyıq.