"Belə gərgin oyundan sonra danışmaq çətindir. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Matça ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də bizə yaxın idilər. Bu oyunda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumdan üstünlüyü öz xeyrimizə dəyişməyimiz daha sevindirici oldu. Elxan Abdullayev yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Demək olarmı ki, "Zirə” böyük ölçüdə 4-cü yeri təmin edib?
- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. 3-cü dövrədə 14 xal topladıq. 4-cü dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldur, dəqiq heç nə demək olmaz.
- Millinin oyunu ilə bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiz?
- 5 futbolçumuz milli komandaların düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncədə "Kəpəz”ə qarşıdır. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdır. Hətta sonuncu yerdə gedən komanda ilə oynayanda da var gücünü qoymalısan ki, qalib gələsən.
- Nurlan Novruzovla Murad Səttarlının "18”-likdə olmaması nə ilə bağlı idi?
- Bu, sadəcə komandadakı rəqabətlə bağlıdır. Komandada güclü rəqabət var. Buna görə kiminsə kənarda qalması normaldır.
- "Neftçi”nin kubokda mübarizəni davam etdirməsi Avroliqaya vəsiqə anlamında sizi narahat etmir?
- Düzdür, "Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onlar tərəfdən üstünlükdür. Ancaq biz öz işimizi görürük. Sonu necə olacaq, mövsümün axırında biləcəyik.
- Oyun vaxtı bir qədər aqressiv görünürdünüz...
- Komandanın oyunundan razı olsam da, bəzi epizodlardan narazı qaldım. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Baş məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdür, onlar həəmişə haqlıdırlar. Ancaq nalayiq ifadə işlətmələri xoş deyil. Guya "Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdılar. Bu məsələdən bezmişəm. "Qarabağ”a oyun verənə də Allah lənət eləsin. Artıq bu mövzunu bağlayaq. Pisdir "Zirə” kimi komandanın olması? Onsuz da komanda azdır. Sponsorlar "Zirə”ni atsa, sevinəcəklər?
- Düşünmürsünüzmü ki, belə söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə "Zirə” "Qarabağ”ı məğlub etməlidir?
- Bu, futboldur. Düzdür, oyunçular "Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu, təkcə bizə aid deyil.
- Başqa oyunlarda da bu cür atmacalar olur?
- Belə olmurdu. Birinci dəfədir ki, belə sözlərlə rastlaşıram.
- Oyunçuların "Qarabağ”dan qorxduqlarını dediniz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orda necə olacaq?
- "Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandır. Biz "Qarabağ”, "Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu, o demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komanda ilə aramızda heç bir yaxınlıq yoxdur. Dostluq, qardaşlıq başqa şeydir. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdur.
- Kamal Bayramovun oyunu belə deməyə əsas verirmi ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?
- Anar qırmızı vərəqə ilə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidir. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq.