"Neftçi"nin futbolçusu İqnasio Herrera evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra brifinq keçirib. Çilili yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Oyun haqda nə deyə bilərdin?
- "Zirə" "Neftçi"dən heç bir üstün oyun göstərmədi. Sadəcə, biz önə keçəndən sonra hesabı qorumalı, sakit oynamaq lazım idi. Amma rəqib dərhal qapımıza qol vurdu. Bundan sonra artıq gec idi. Komanda şəklində arxaya oturaraq, yalnız əks-hücumlar yaratmağa çalışırdılar. Sonda da qələbə qazanan komanda onlar oldular.
- Səncə, komandanızda oyunu xilas etmək üçün əvəzetmələr gec olmadı?
- Bunu mən deyə bilmərəm. Baş məşqçimizin qərarı belə idi. 62-ci dəqiqədə rəqib hesabı bərabərləşdirmiş, 79-cu dəqiqədə isə 2-ci qolu vurmuşdu. Məhz hesabda geri düşdükdən sonra oyunun gedişatını dəyişmək üçün əvəzetmələr edildi. Şəxsən özüm meydanda olduğum son 10 dəqiqə ərzində əlimdən gələni etdim ki, komandama xeyrim dəysin. Amma qol epizodu belə yarada bilmədim. Buna təəssüflənirəm. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oyun sərgiləyəcəyəm.
- Oyuna ehtiyat oyunçular skamyasında başlamağın nə ilə əlaqədar idi?
- Bu, baş məşqçimizin qərarıdır. Biz bir ailəyik. Hamımız bir nəticə üçün çalışırıq. Ona görə də mənim, yoxsa komanda yoldaşımın oynamasında fərq yoxdur. Sadəcə, yerli oyunçulardan bəziləri zədəli olduqlarından, baş məşqçi heyətdə dəyişiklik etmək istədi. Ruslan Abışovun əvəzinə Edson Kastilyonu meydana buraxdı. Mən isə legioner limitinə görə ehtiyatda oturdum.
- Avropa Liqasına vəsiqə şansınız demək olar ki, ölkə kubokuna qaldı. Yarımfinalda "Qarabağ"ı üstələməyiniz nə dərəcədə realdır?
- Çempionatda da ümidlərimizi üzmürük. Sonadək mübarizə aparacağıq. Düzdür, bu gün 3 xal itirdik. Amma növbəti oyunlarımızın necə nəticələnəcəyini bilmək olmaz. "Qarabağ", "Qəbələ" və ya "İnter"lə oyunda qələbə qazana və itirilmiş xalları bərpa edə bilərik. Bununla belə, razıyam, ən real görünən yol ölkə kubokudur. Yarımfinalda "Qarabağ"ı üstələmək üçün əlimizdən gələni edəcəyik.
- Növbəti tur "Qəbələ" ilə matçda şanslarınızı necə dəyərləndirirsən?
- Əlbəttə, istərdim ki, "Qəbələ"yə qarşı oynayım. III dövrə matçında meydana çıxa bilməmişdim. Bu dəfə motivasiyalıyam, baş məşqçimiz şans versə, oynaram. Rəqib güclüdür, Avroliqanın qrup mərhələsində çıxış edib. Biz də çalışacağıq ki, onlara layiqli rəqib olacaq.