Azərbaycan Premyer Liqasının XXI turunun "Neftçi" - "Zirə" oyununda (1:1) qeydə alınan avtoqol cari mövsümdə 6-cı olub. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində gürcü müdafiəçi Georgi Navalovski 62-ci dəqiqədə qolu öz qapısına vurub.
Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına əcnəbi futbolçular imza atıb. Bunadək brazilyalı müdafiəçilər qapıları səhv salırdılar. "Neftçi”dəm Jairo Rodriges "Qarabağ”la iki, "Qəbələ” ilə bir oyunda, ümumilikdə 3 avtoqol etməklə mütləq rekordçudur. Daha bir dəfə isə "İnter"in braziliyalı müdafiəçisi Denis Silva "fərqlənib". O, bunu XIX turda "Zirə ilə ev oyunda reallaşdırıb. Göründüyü kimi, zirəlilər 2-ci dəfə rəqibin avtoqoluna sevinir.
Daha bir dəfə topu öz qapısına göndərən "sambaçı" isə Renan Silva olub. O, XX turda "Qəbələ" ilə matçda buna imza atıb.
Qış fasiləsində Azərbaycan Premyer Liqasına qayıdan Navalovski qol müəllifi olub. Milli komandasının da üzvü olan 31 yaşlı müdafiəçi 2010-cu ildə "İnter"də keçirdiyi 13 oyunda 1 dəfə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, bu, milli çempionatımızın 25 illik tarixində 163-cü avtoqol olub.