Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını davam etdirir. Doqquzuncu yazı "Millimizin tarixi qələbələri araısnda ən yaddaqalanlar" mövzusundadır.
227 oyunda 42 qələbə
Məlum olduğu kimi, milli komandamızn 25 illik tarixi ərzində 227 oyun keçirib. Bunların yalnız təxminən 20 faizində - 42-də qalib gələ bilmişik. Həmin qələbələrdən çoxu isə qeyri-rəsmi matçlara, yəni yoldaşlıq görüşlərinə təsadüf edib - 30. Təsadüfi deyil ki, millimiz rəsmi oyunlardan yalnız 12 dəfə meydanı qalib tərk edib. Dünya və Avropa çempionatının seçmə mərhələsi üzrə qələbə mütənasibliyi bərabərdir - hərəsində 6.
Təbii ki, millimizin hər bir qələbəsi bizim üçün önəmlidir. Ancaq həmin 42 qalibiyyət arasında ən yaddaqalanları olub ki, bu yazıda onlar haqda bəhs edəcəyik.
Bilindiyi kimi, millimizin tarixində ilk 2 oyunu Gürcüstan yığmasına qarşı keçirib. Səfər matçı ilk qarşılaşmamız kimi tarixə düşübsə, Gəncədəki oyunda ilk qələbəmiz qeydə alınıb. Buna rəqib futbolçu Nuqzar Lobjanidzenin topu öz qapısından keçirməsi ilə nail olmuşuq. Millimizin oyunlarında ilk avtoqol da həmin oyuna təsadüf olub.
Millimizin Kiprdə təlim-məşq toplanışı zamanı Farer adaları yığması üzərində qələbəni fərqləndirməyimiz səbəbsiz deyil. Çünki bu, yığmamızın ilk böyükhesablı qələbəsi kimi tarixə düşüb. Özü də ilk hissədə 20 dəqiqəyə vurduğumuz 3 qolla inamlı qələbə qazanmışıq.
Azərbaycanda debütdə qazanılan tarixi qələbə
Sözsüz ki, millimizin tarixi qələbələr söz düşəndə, İsveçrə yığması üzərində qələbənin xüsusi yeri var. Həmin il - 1996-nın yayında qitə çempionatının final mərhələsində iştirak edən güclü rəqib üzərində qələbə bütün Avropada sensasiya kimi qəbul olundu. Buna isə Vidadi Rzayevin tarixi qolu ilə nail olduq. Həmin qələbənin əsas özəlliyin ondadır ki, bu, vətəndə keçirdiyimiz ilk rəsmi oyun idi və debütü qələbə ilə qeyd etməyi bacardıq.
Bundan 1 il sonra həmin arenada - Tofiq Bəhramov adına Respublika stadionunda Türkmənistan yığması üzərində 3:0 hesablı qələbəni seçməyimiz təsadüfi deyil. Bu, yoldaşlıq görüşü olsa belə, Azərbaycanda qazandığımız ilk böyükhesablı qələbə kimi tarixə düşüb.
Millimiz iki il sonra mərkəzi arenamızda artıq rəsmi oyunda böyükhesablı qələbəyə sevindi. Lixtenşteyn üzərində 4:0 hesablı qələbə ilə bağlı iki məqam var. Əvvəla, bu, yığmamızın ən böyükhesablı qələbəsidir. İkincisi də, seçmə mərhələlərdə ilk və hələ ki yeganə böyükhesablı qələbəmizdir.
Azərbaycan milli komandasının seçmə mərhələlərdə bir güclü rəqib üzərində sensasiyalı qələbə qazanmasına artıq adət etmişik. Özü də həmin yığmalara bu gözlənilməz məğlubiyyətlət baha başa gəlir və final mərhələsindən kənarda qalırlar. 2001-ci ildə Slovakiya üzərində qələbə belə nəticələrdəndir. Sonucda bu rəqib qrupda qaldı və millimiz qardaş ölkənin - Türkiyə yığmasının final mərhələsinə yollanmasına imkan yaratdı. Məlum olduğu kimi, "ay-ulduzlular" tariixndə ən uğurlu nəticəsinə - dünya çempionatının bürünc medalına həmin vaxt nail olublar.
Millimizin tarixi qələbələri sırasında Serbiya və Çernoqoriya yığması üzərində qələbə xüsusi yer tutur. Özü də 2003-cü ildə "Şəfa" stadionunda qazanılan qələbə əzmkar olub. Yığmamız son dəqiqələrdə vurduğu 2 qolla rəqibi onun meydanında olduğu kimi pərişan etdi və baş məşqçisi olan əfsanəvi Deyan Stankoviçi istefa verməyə məcbur etdi.
Milli komandamızın 2007-ci ildı Finlandiya üzərində "Tofiq Bəhramov"da qazandığı qələbənin də xüsusi yeri var. Söhbət bunun təkcə gözlənilməz olmasından getmir. Yığmamız həmin oyundan cəmi 4 gün öncə Polşada 0:5 hesablı ağır məğlubiyyət almışdı. Bundan sonra doğma azarkeşlər önündə ən yaxşı bəraət onları qələbə ilə sevindirmək idi ki, buna nal ola bildik. Özü də Polşadakı məğlubiyyətdə zəif oyunu ilə əsas tənqid olunan futbolçularımızdan biri - Emin İmaməliyev qələbə topunun müəllifi olub. Maraqlıdır ki, yarımmüdafiəçi sonradan meydana çıxaraq 17 dəqiqəyə matçın taleyini həll edib.
Daha çox qələbə Berti Foqtsla
Millimizin tarixi qələbələri arasında Berti Foqtsun baş məşqçiliyi dövründə qazanılanlar daha çoxdur ki, bu da başadüşüləndir. Çünki millimizin baş məşqçiləri arasında uzun müddətli işləyən də, ən çox qələbə qazanan da məzh almaniyalı mütəxəssis olub. 2009-cu ilin sonuna yaxın demək olar 1 ayda qazanılan 2 qələbənin özünəməxsus yeri var. Lixtenşteyn üzərində 2:0 hesablı qələbə seçmə mərhələdə ilk səfər qələbəmiz olub. Bundan 1 ay sonra isə Berti Foqtsun komandası Birləşmiş Ərəb Əmirliklərinin keçirdiyi beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda Çexiya yığması kimi güclü rəqibi məğlub edə bilib. Bunadək FİFA-nın belə yüksək reytinqli yığmata qalib gələ bilməmişdik.
Yığmamızın Berti Foqtsun rəhbərliyi altında AVRO-2012-də qazandığı hər iki qələbə seçdiklərimiz sırasındadır. Ona görə ki, milli komandamızın seçmə mərhələdə ilk dəfə 1-dən çox qalib gəlməsi həmin vaxtda olub. Əlbəttə, bu qələbələrdən Türkiyə üzərindəkinin xüsusi yeri var. Millimiz azərbaycansayağı künc zərbəsindən sonra kapitanı Rəşad Sadıqovun vurduğu qolla tarixi qələbəni qazandı. Bundan 1 il sonra Qazaxıstan yığmasını da Respublika stadionunda məğlub etdik. Məhsuldar alınan bu matçda əzmkar qələbə qazanmağı bacardıq.
Berti Foqtsun son rəsmi qələbəsini qazandığı Şimali İrlandiya yığması ilə oyunun da xüsusi yeri var. Özü də həmin nəticəyə mərkəzi arenada yox, "Bakcell Arena"da nail olmuşuq. Rəqibin güclü olması da qələbənin çəkisini artırır.
İlk ardıcıl qələbələr ilk dəfə Robert Prosineçki ilə
Berti Foqtsun baş məşqçi postunda əvəzləyən Robert Prosineçkinin bu 2 ildə hesabında 16 matç var. Bunların 4-də qalib gələn xorvatiyalı mütəxəssis fəaliyyətinə elə qələbə ilə başlayıb. Bu, 2015-ci ilin martın 28-də Malta yığması üzərində Respublika stadionunda 2:0 hesablı qələbədir. Millimiz 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə yalnız bu mütəxəssisin vaxtında uğurlu start götürüb. Bu da 4 oyuna 7 xaldır ki, ilk 2 oyunda qalib gəlmək ilk dəfə mümkün olub. San Marino yığması üzərində qələbə millimizin seçmə mərhələlər tarixində səfərdə qazandığı 2-ci qələbədir. Bunun ardından güclü Norveç yığmasın da 1:0 hesabı ilə Bakı Olimpiya Stadionunda məğlub edə bildik. Bu, həmin arenada millimizin ilk rəsmi qələbəsi kimi tarixə düşüb. Yeri gəlmişkən, millimizin seçmə mərhələlərdə ilk dəfə ardıcıl 2 oyunda meydanı qalib tərk etməsi reallaşıb.
Yığmamızın tarixi qələbələrində bombardirləri - Qurban Qurbanovla Vaqif Cavadovun fərqlənməsi diqqət çəkir. BUndan əlavə, ən yaddaqalan qələbələrimizi qazandığımız oyunların bir çoxunda baş hakimlərin danimarkalılar olması maraqlı məqamdır. Yəni bu Skandinaviya ölkəsinin referilərinin ayağı bizə düşərli olub.
Azərbaycan milli komandasının tarixi qələbələri arasında ən yaddaqalanlar
25 may 1993-cü il
Beynəlxalq yoldaşlıq görüşü
Azərbaycan – Gürcüstan – 1:0
Qol: Nuqzar Lobjanidze, 25-öz qapısına
Baş hakim: Rüstəm Rəhimov (Azərbaycan)
Gəncə. Şəhər stadionu
Baş məşqçi: Ələkbər Məmmədov
27 fevral 1996-cı il
Beynəlxalq yoldaşlıq görüşü
Farer adaları – Azərbaycan – 0:3
Qollar: Vyaçeslav Lıçkin, 10, Yunis Hüseynov, 23-pen, Qurban Qurbanov, 30
Baş hakim: Andreas Georgiu (Kipr)
Famagusta. Antonios Papadopulos stadionu (Kipr)
Baş məşqçi: Kazbek Tuayev
31 avqust 1996-cı il
DÇ-1998-nin seçmə mərhələ oyunu
Azərbaycan – İsveçrə - 1:0
Qol: Vidadi Rzayev, 26
Baş hakim: Riçard Voyçik (Polşa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Kazbek Tuayev
22 mart 1997-ci il
Beynəlxalq yoldaşlıq görüşü
Azərbaycan – Türkmənistan – 3:0
Qollar: Rasim Abuşov, 12, Yunis Hüseynov, 86, Qurban Qurbanov, 88
Baş hakim: Xaqani Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Vaqif Sadıqov
5 iyun 1999-cu il
AVRO-2000-nin seçmə mərhələ oyunu
Azərbaycan - Lixtenşteyn – 4:0
Qollar: Qurban Qurbanov, 16, Vyaçeslav Lıçkin, 42, Zaur Tağızadə, 60, Mirbağır İsayev, 73
Baş hakim: Knut Stadsqaard (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Əhməd Ələsgərov
5 iyun 2001-ci il
DÇ-2002-nin seçmə mərhələ oyunu
Azərbaycan – Slovakiya – 2:0
Qollar: Vadim Vasilyev, 27, Zaur Tağızadə, 65
Baş hakim: Nikolay Vollquartz (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: İqor Ponomaryov
11 iyun 2003-cü il
AVRO-2004-nün seçmə mərhələ oyunu
Azərbaycan – Serbiya və Çernoqoriya – 2:1
Qollar: Qurban Qurbanov, 88, Fərrux İsmayılov, 90+1 – Branko Boşkoviç, 27
Baş hakim: Knud Erik Fisker (Danimarka)
Bakı. "Şəfa” stadionu
Baş məşqçi: Əsgər Abdullayev
28 mart 2007-ci il
AVRO-2008-nin seçmə mərhələ oyunu
Azərbaycan – Finlandiya – 1:0
Qol: Emin İmaməliyev, 83
Baş hakim: Domeniko Messina (İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Şahin Diniyev
10 oktyabr 2009-cu il
DÇ-2010-nun seçmə mərhələ oyunu
Lixtenşteyn – Azərbaycan – 0:2
Qollar: Vaqif Cavadov, 55, Elvin Məmmədov, 82
Baş hakim: Pavle Radovanoviç (Monteneqro)
Vaduts. "Reynpark Stadion” stadionu
Baş məşqçi: Berti Foqts (Almaniya)
18 noyabr 2009-cu il
Beynəlxalq turnir
Çexiya – Azərbaycan – 0:2
Qollar: Vaqif Cavadov, 25, Ruslan Abuşov, 89
Baş hakim: Fərid Əli Əl Marzuqi (BƏƏ)
Əl-Ayn. "Tahnun bin Muhammed Stadium” stadionu
Baş məşqçi: Berto Foqts (Almaniya)
12 oktyabr 2010-cu il
AVRO-2012-nin seçmə mərhələ oyunu
Azərbaycan – Türkiyə - 1:0
Qol: Rəşad Sadıqov, 38
Baş hakim: Aleksandru Dikonu (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Berto Foqts (Almaniya)
6 sentyabr 2011-ci il
AVRO-2012-nin seçmə mərhələ oyunu
Azərbaycan – Qazaxstan – 3:2
Qollar: Rauf Əliyev, 53, Mahir Şükürov, 62-pen, Vaqif Cavadov, 68 – Sergey Ostapenko, 20, Vitali Yevstiqneyev, 77
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Anders Hermansen (Danimarka)
Baş məşqçi: Berto Foqts (Almaniya)
11 oktyabr 2013-cü il
DÇ-2014-ün seçmə mərhələ oyunu
Azərbaycan – Şimali İrlandiya – 2:0
Qollar: Rüfət Dadaşov, 58, Mahir Şükürov, 90+5
Qırmızı vərəqə: Conni Evans, 90+4 (Şimali İrlandiya)
Baş hakim: Andrea De Marko (İtaliya)
Bakı. "Bakcell Arena” stadionu
Baş məşqçi: Berto Foqts (Almaniya)
4 sentyabr 2016-cı il
DÇ-2018-nin seçmə mərhələ oyunu
San Marino - Azərbaycan - 0:1
Qol: Ruslan Qurbanov, 45
Baş hakim: Sebastyan Delferyere (Belçika)
Serravalle. "San Marino Stadium" stadionu
8 oktyabr 2016-cı il
DÇ-2018-nin seçmə mərhələ oyunu
Azərbaycan – Norveç – 1:0
Qol: Maksim Medvedev, 11
Baş hakim: Liran Liany (İsrail)
Bakı. Olimpiya Stadionu
Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib