"AFFA İntizam Komitəsinin AZAL-ın legioneri ilə bağlı çıxardığı qərar haqlıdır. Həqiqətən də həmin futbolçuya hərəkətinə görə qırmızı vərəqə düşürdü. Sadəcə, mən epizodu görmədiyimdən, futbolçunu meydandan qovmadım". Bu fikirləri Sportnet.az-a açıqlamasında sabiq FİFA referisi Orxan Məmmədov bildirib.
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Kəpəz" - AZAL matçının 64-cü dəqiqəsində baş verən epizod müzakirəyə çıxarılıb. Nəticədə çıxarılan qərara əsasən AZAL-ın legioneri Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.
Məmmədov həmin epizodda səhv buraxdığını etiraf edib: "Bunu oyundan sonra videotəkrara baxarkən gördüm. AZAL-ın futbolçusu "Kəpəz"in oyunçusuna qarşı kobudluq etmişdi. Onun hərəkəti qırmızı vərəqəlik idi. Mənim səhvim həmin anda nəzarəti əldən verməyim oldu. Yəni meydanın mərkəzinə tərəf "Kəpəz"in cərimə meydançasına tərəf baxaraq qaçmalı idim. Arxam ora tərəf qaçmaqla epizoda nəzarəti əldən buraxdım. Nəticədə baş verən olayı görə bilmədim. Görsəydim, təbii ki, qırmızı vərəqə göstərəcəkdim".
Həmin epizodda yan xətt hakimi Mübariz Həşimovun baş hakimə yardımçı olmamaqla onu vəziyyətdən "xilas etməyib". Nəticədə AFFA İntizam Komitəsinin çıxardığı digər qərarla Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb onu məlumatlandırmalıdır. Bu isə Orxan Məmmədovu cəzadan qaçılmaz edib: "Səhvi mən etmişəmsə, cəzasını mən çəkməliyəm. Mən səhvi onun-bunun üzərinə ata, günahı köməkçimin boynuna yıxa bilmərəm. Həmin epizoda mən yaxın idim. Qərarı mən verməli idim. Yan xətt hakimi görüb ki, epizoda yaxın idim. Sadəcə, hərəkətdə olduğumdan epizodu görə bilmədim".
FİFA hakim-köməkçisi olan Mübariz Həşimov keçmiş hakim, hazırda AZAL-da işləyən Ceyhun Haşımovun qardaşıdır. Ehtimal olunur ki, qırmızı vərəqə buna görə verilməyib.
Xatırladaq ki, 1:1 hesabı ilə nəticələnən Gəncədəki oyunda həmin epizod baş verən anda meydan sahibləri hesabda 1:0 irəlidə olublar. Qonaqlar son dəqiqədə bərabərlik qolunu vurmağa müvəffəq olublar.