Türkiyə "Qalatasaray"ının futbolçusu Sabri Sarıoğlu mövsümün sonunda komandadan göndəriləcək.
Sportnet.az-ın NTV Spor-a istinadən verdiyi məlumata görə, bu barədə baş məşqçi İqor Tudorun raportuna əsasən, klub rəhbərliyi qərar verib. Komandada ciddi dəyişikliklər etməyi düşünən rəhbərlik bəzi futbolçularla yollarını ayırmağı planlaşdırır. Dəyişiklik yaşı 30-u keçmiş oyunçulardan başlanacaq. Xorvatiyalı mütəxəssisin siyahısında ilk sırada Sarıoğlu yer alıb.
Qeyd edək ki, Sabri Sarıoğlu 2003-cü ildən geyinməyə başladığı "Qalatasaray" forması ilə 14 il ərzində 6 çempionluq, 4 kubok və 5 Superkubok qazanıb. Cinah oyunçusu İqor Tudorun baş məşqçi postuna gəlişindən sonra ehtiyatda qalıb. O, Türkiyə Super Liqasında 350-ci oyununa XXIV turda "Gənclərbirliyi"ni 3:2 hesabı ilə yendikləri görüşdə çıxıb. Sabri "sarı-qırmızılar"ın heyətində 450-ci oyununu isə hələ VI turda "Antalyaspor"a qarşı keçirib. Təcrübəli futbolçu yığmanın heyətində 2003-cü ildə debüt edib.